7 Dekabr 2022 23:46
1 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “hökumət saatı” zamanı bildirib ki, Azərbaycanla sülh sazişinin yekun variantının 2022-ci ilin sonuna qədər imzalanacağına əmin deyil.

Teleqraf.com xəbər verir ki, o, danışıqların aktiv mərhələdə olduğunu deyib.

Nazir əlavə edib ki, İrəvan Azərbaycanın təşəbbüslərinə cavab olaraq yeni təkliflərlə çıxış edəcək.

“Sülh sazişi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üzrə danışıqlar fəal mərhələdədir. Sənəd var, hər dəfə yeni redaktədə təqdim olunur. Biz Azərbaycan tərəfdən növbəti təkliflər almışıq və öz növbəti təkliflərimizlə çıxış edəcəyik”, - deyə Mirzoyan bildirib.

O, 2022-ci ilin sonuna kimi Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşünün keçirilə biləcəyini istisna etməyib. Eyni zamanda, Mirzoyan dövlət başçıları səviyyəsində belə bir tədbirin keçirilməsi ilə bağlı heç bir razılaşmanın olmadığını dəqiqləşdirib.

Onun sözlərinə görə, İrəvan və Bakının münasibətlərin normallaşdırılması məsələsində mövqeləri “bir çox məsələlərdə hələ də bir-birindən çox uzaqdır, lakin məhz buna görə də mövqeləri yaxınlaşdırmaq və birgə məqbul nəticə əldə etmək üçün danışıqlar aparılır”.

“Biz tezliklə sülhə və münasibətlərin hərtərəfli nizamlanmasına nail olmaq üçün çalışırıq”, - deyə Mirzoyan əlavə edib.

O, həmçinin qeyd edib ki, Ermənistan Azərbaycanla sərhəddə beynəlxalq müşahidəçilərin olmasında maraqlıdır. Nazirin sözlərinə görə, bu, mümkün eskalasiyanın qarşısını alacaq. O vurğulayıb ki, KTMT və ATƏT nümayəndələri artıq sərhəddə olublar, Aİ missiyasının mandatı hələ başa çatmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər