31 Yanvar 11:23
2 287
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ordusunun zabiti Hindistandan alınan hərbi texnikalar haqda məlumatları düşmənə (Azərbaycan nəzərdə tutulur – red.) ötürüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Ermənistan vətəndaşı, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin yüksək vəzifəli zabiti (kapitan) 2021-ci ilin əvvəlindən xarici xüsusi xidmət orqanlarının diqqətinə düşüb və onlar tərəfindən işə götürülüb.

İddia olunub ki, həmin şəxs “dövlət sirri” sayılan siyasi və hərbi məlumatları toplayaraq xarici xüsusi xidmət orqanlarına ötürüb. Ötürülən “məxfi məlumatlar” arasında Hindistandan alınmış silah və texnikaların sayı və fotoşəkilləri olduğu da bildirilib.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin İstintaq Şöbəsində başlanmış cinayət işi çərçivəsində axtarışlar aparılıb, adıçəkilən zabitə ittiham elan edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Hindistandan Ermənistana silah satışına dair iki ölkə arasında ilk anlaşmanın ötən il əldə edildiyi açıqlanmışdı. Müqavilənin ümumi dəyərinin 245 milyon dollar olduğu bildirilmişdi. Bu çərçivədə Hindistanın ilk dəfə olaraq Ermənistana silah göndərəcəyi iddia olunmuşdu.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin "düşmənə məxfi məlumat ötürmə" iddiasının isə gerçək olub-olmamasından asılı olmayaraq, Hindistanın daha əvvəl hansısa yolla Ermənistana silah və hərbi texnika göndərdiyini təsdiqləyir. Ermənistan tərəfi bununla ya bilərəkdən, ya da bilməyərəkdən Hindistanın Azərbaycana qarşı bu ölkəni ilk rəsmi anlaşmadan əvvəl silahlandırdığını ortaya qoyur. O vaxta qədər isə Ermənistan Hindistanın müştərisi sayılmırdı. Üstəgəl, bu ölkə hind dövlətinin ilk hərbi müştərilərindən hesab olunur.


Müəllif: Mənsur Rəğbətoğlu