"Danışıqların dayanmasına səbəb Ermənistan hakimiyyətində olan qorxularla bağlıdır. Ermənistan hakimiyyəti bir tərəfdən Rusiyadan qaçmaq istəyir, digər tərəfdən Rusiya və ona xidmət edən qüvvələrdən qorxur. Dələduz oliqarx Ruben Vardanyanın Qarabağa gəlməsi və Ermənistanda hakimiyyət iddiaları, siyasi partiya yaratması ortadadır. Belə bir durumda erməni hakimiyyəti konkret addımlar atmır, sanki donub. Və belə təəssürat yaranır ki, sanki Ermənistan Ukraynada gedən müharibənin nəticələrini gözləyir”.
Bunu Teleqraf.com-a Demokrat İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.
O bildirib ki, Ukrayna müharibəsinin nəticələri Ermənistana imkan verəcək ki, hansı tərəfə qaçsın:
“İndi onlar konkret addım atmaqdan yayınırlar. Halbuki regionun nicatı sülh və əməkdaşlıqdan, ticarətdən keçir. Ermənistan indi tutduğu yolda davam edəcəksə, bu ölkəni daha ağır faciələr gözləmiş olacaq”.
Deputat Luis L. Bonun ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə yeni baş müşavir təyin edilməsinə gəldikdə deyib ki, həmin post əvvəllər boş olub:
“İndi ora yeni təyinat olub. Biz gözləyirik, yeni təşəbbüslərin olub-olmayacağını görəcəyik. Amma buna qədər ABŞ-ın irəli sürdüyü təşəbbüsləri Ermənistan rədd edib, onun həyata keçirilməsinə imkan verilməyib. Elə Avropa Birliyinin təşəbbüsləri də Ermənistan tərəfindən pozulub. Məncə, hə ABŞ, həm də Avropa İttifaqı düşünməli və görməlidir ki, Ermənistan nədən belə edir və üzərinə hötürdüyü öhdəliklərə əməl etmir. Deməli, sülh istəyən qüvvələr real olaraq Azərbaycana dəstək verməlidir. Azərbaycan beynəlxalq qanunlara əsaslanaraq bölgədə sülh və əmin-amanlıq siyasəti həyata keçirir. Bu da ABŞ və AB-nin maraqlarına uyğundur. Deməli, öz istəklərinə çatmaq üçün Azərbaycana dəstək verməlidir. Üstəlik Ermənistan qınanmalı, onun apardığı siyasətə obyektiv qiymət verilməlidir”.