“Paşinyanın Rusiyaya qarşı atdığı addımları Ermənistanın itirilməsi ilə nəticələnə bilər”.
Teleqraf.com xəbər verir ki, bunu erməni siyasi ekspert Tatevik Ayrapetyan deyib.
“Paşinyanın bəyanatları məndə belə bir təəssürat yaradır ki, Ermənistanın baş naziri ya şüurlu, ya da şüursuz olaraq vəziyyəti gərginləşdirir. O, ya Avropa Birliyinin missiyasının mənasını anlamır, ya da ölkəmizi ziddiyyətlər platformasına çevirməyə çalışır. İstənilən halda, bu, çox təhlükəli tendensiyadır və nəticələri dağıdıcı ola bilər. Artıq təhlükəsizlik baxımından çox çətin və həssas durumdayıq”, - ekspert bildirib.
Ekspert Paşinyanın AB-nin mülki missiyasını “KTMT qüvvələrini müşahidə missiyası” kimi şərh etməsinə də toxunub:
“Bu, gərginlik yaratmaqdan başqa heç bir fayda verə bilməz. Ermənistan rəhbərinin niyə ölkəmiz ətrafındakı vəziyyəti daha da çətinləşdirməyə çalışdığı həqiqətən bəlli deyil. Biz ölkəmizi ziddiyyətlər meydanına çevirə biləcək addımlara dözməməliyik, bu, dövlətçiliyimizi itirmək kimi ciddi risk yaradacaq macəraya çevrilə bilər. Ümid edirəm ki, Paşinyan bu absurd fikri bir daha təkrar etməyəcək, amma təəssüf ki, bu məsələdə nikbin olmaq özünü doğrultmur”.