Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Avropa Birliyi (AB) missiyasının bölgədə sabitliyi pozması ilə bağlı ittihamına cavab verib.
Teleqraf.com xəbər verir ki, Ermənistan rəsmisi Zaxarovanın diqqətini Rusiyanın regiondakı hərbi varlığına çəkib.
“Rusiyanın Ermənistan sərhədlərindəki mövcudluğu 1990-cı illərə təsadüf edir və bu müddətdə sabitliyin pozulması halları çox olub. İnanırıq ki, əlavə səy göstərilsə, Avropa Birliyi müşahidəçiləri sabitlik üçün fürsət yarada bilərlər”, - Qriqoryan bildirib.
Mariya Zaxarova AB-nin Ermənistandakı missiyasının fəaliyyəti fonunda vəziyyətin daha da gərginləşəcəyini proqnozlaşdırıb.
“Rusiya tərəfi artıq bildirib ki, uzun müddətdir davam edən münaqişənin həlli ilə heç vaxt məşğul olmayan digər strukturların və oyunçuların regiona nüfuz etməsi heç bir müsbət təsir göstərməyəcək. Bunun eskalasiyaya, sabitliyin pozulmasına gətirib çıxaracağını və sülh yolu ilə nizamlanma prosesindən uzaqlaşacağını proqnozlaşdırırdıq. İndi ağrı və təəssüf hissi ilə sabitliyin pozulmasının müxtəlif təzahürlərinin şahidi oluruq”, - Rusiya rəsmisi vurğulayıb.