“Rusiya-Ermənistan münasibətlərində təhlükələr olduqca böyükdür”.
Teleqraf.com xəbər verir ki, bunu erməni iqtisadçı Nairi Sərkisyan deyib.
Onun sözlərinə görə, Ermənistana yeni sanksiyalar edilib, ABŞ və Avropadan mal gətirən erməni iş adamları Rusiyaya mal ixrac edə bilmirlər:
“ABŞ və Avropadan Ermənistana malların idxalı, sonra isə Rusiyaya təkrar ixracı ilə bağlı problem yeni deyil. Bunlar Rusiyaya sanksiyalar başlayandan var, sadəcə müəyyən məhsullarla bağlıydı. Əlbəttə, yeni məhdudiyyətlər tətbiq olunduqca məhsul çeşidlərinin siyahısı artır. Pul köçürmələri həmişə problemli olub və kifayət qədər çətin üsullarla həyata keçirilib, digər ölkələr vasitəsilə həyata keçirilir, müqavilələrlə tənzimlənirdi. Amma bu da sərtləşməkdə davam edir. Problemlər həmişə olub, indi isə həcm baxımından, kəmiyyətcə artır.
Əlbəttə, Qərbdən Ermənistana idxal edilən malların yenidən Rusiyaya ixracı ilə bağlı sanksiyalar səbəbindən biznes sektoru böyük itkilərə məruz qalacaq. Zərərlər yalnız köçürmələrin ağırlaşması və ya qadağan olunmuş malların siyahısının genişlənməsi ilə əlaqəli deyil, texniki problemlər də artır. Bundan əlavə, təkrar ixracla bağlı məzənnə dəyişikliyi əlavə risklər və itkilər yaradır. Məsələn, Qərbdən avro və ya dollarla alınan məhsulları Rusiyaya rublla satanda. Təkrar satarkən məzənnə tamamilə fərqli olur. Belə olan halda erməni iş adamları kifayət qədər ciddi itkilərə məruz qalırlar. Bu baxımdan erməni iş adamlarının vəziyyəti o qədər də ürəkaçan deyil”.
Sərkisyan Qərbin sanksiyalarının Baş nazir Nikol Paşinyanın Almaniyaya səfərindən sonra qüvvəyə minməsinə diqqət çəkib. O, Ermənistana qoyulan qadağaların siyasi olduğunu, pərdə arxasında qarşıya tələblərin qoyulduğunu söyləyib.
İqtisadçı Rusiyanın Ermənistandan süd məhsullarının idxalına qoyulan qadağaya toxunub:
“Bunu siyasi kontekst kimi tam qiymətləndirirəm, bu, Ermənistanın təhlükəli siyasi yol seçiminin nəticələrindən biridir. Həmişə Ermənistana siyasi təzyiq göstərmək və ya seçdiyi yoldan yayındırmaq üçün Rusiya ixraca müəyyən məhdudiyyətlər qoyub. Təhlükələr olduqca böyükdür.
Rusiya Ermənistanın ixrac-idxalına qadağalar qoymağa başlayanda unutmaq olmaz ki, Rusiya Ermənistanın ixrac bazarının 1/3-ni tutur. Yəni erməni istehsalçıları öz məhsullarının 1/3-ni Rusiya bazarında istehlak edirlər. Unutmayaq ki, Ermənistan əhalisinin gəlirlərinin təxminən 1/3-i Rusiyadan gələn pul köçürmələridir. Yəni Rusiya hansısa siyasi məqsəd əsasında Ermənistandan ixraca və ya Rusiyadan Ermənistana transferlərə iqtisadi sanksiyalar tətbiq etmək qərarına gəlsə, o zaman Ermənistanın fəlakətli problemləri olacaq”.