23 İyun 2023 13:05
1 196
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda müzakirələrə və tənqidlərə səbəb olan Roma Statutu tezliklə ratifikasiya üçün parlamentə təqdim ediləcək.

Teleqraf.com xəbər verir ki, 2022-ci ilin sonunda hökumət məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət ünvanlayıb.

Ermənistan ədliyyə naziri Qriqor Minasyan dünən mövzu ilə bağlı danışıb və əsasnamənin parlamentə təqdim edilməsinin bir neçə həftə çəkəcəyini deyib.

Hüquqşünas Nina Karapetyantsın fikrincə, əsasnamənin ratifikasiyasına yalnız Rusiya qarşı çıxa bilər. Onun sözlərinə görə, Rusiya müxtəlif platformalar və formatlar vasitəsilə Ermənistana təzyiq göstərir.

“Qorxuram ki, ratifikasiya üçün təqdim edilərsə, lazımi səslər toplanmasın, çünki Rusiya bunun əleyhinədir. Rusiya hüquq sistemimizə ciddi maraq göstərir, ədliyyə sistemimizə təzyiq hədsizdir. Rusiya müxtəlif islahatlar proqramı ilə bağlı istəksizlik nümayiş etdirir. Bu onu göstərir ki, Ermənistandan razı deyil. Bununla belə, ümid edirəm ki, Ermənistan əsasnaməni ratifikasiya edəcək”, - Karapetyants deyib.

Ekspert bildirib ki, Ermənistanın indiyədək əsasnaməni ratifikasiya etməməsinin səbəblərindən biri Rusiyanın buna münasibətdir.

Karapetyants əlavə edib ki, Roma Statutu qəbul olunmasa, Qərb Ermənistana dəstəyi dayandıracaq: “Onda düşünəcəklər ki, bizə kömək etmək mənasızdır. Hansı tərəfdə olduğumuza qərar verməliyik”.

Əsasnamənin təsdiqindən sonra Rusiya Prezidenti Vladimir Putinin Ermənistana səfər edəcəyi təqdirdə həbs ediləcəyi barədə Karapetyants vurğulayıb:

“Həbs məsələsinə bu cür baxsaq, bəli, nizamnamə bizə əsas verir ki, qəbul olunduğu halda bunu edək. Amma onu da bilirik ki, Ukrayna ilə yaranmış fonda Rusiya prezidenti Rusiya ərazisini tərk etmir, yalnız xüsusi mühafizə olunan yerlərə səfər edir. Ermənistana gəlməyəcək, bu dəqiqdir. Onun hələ də ölkəsində təhlükəsizlikdən tutmuş, hakimiyyət dəyişikliyinə qədər bir çox problemləri var. Amma biz buna baxmamalıyıq, çünki Rusiya istəsə də Ermənistana kömək edə bilməz”.

BCM mart ayında Vladimir Putinin həbsi üçün beynəlxalq order verib. Beynəlxalq məhkəmənin nizamnaməsinə görə, Rusiya lideri üzv dövlətlərdən hər hansı birinə səfər edəcəyi təqdirdə həbs olunmalıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər