9 Avqust 2023 18:49
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Regionda Rusiya-Ukrayna münaqişəsindən ən çox “qazanan” ölkənin Ermənistan olduğunu desək yanılmarıq. Ukraynaya qarşı başlatdığı sanksiyalardan dolayı Rusiya analoqu olmayan sanksiyaların təsiri altına düşdü.

Mindən çox şirkətin ölkəni tərk etməsi nəticəsində Ermənistanda güclü insan və maliyyə kapitalı axını baş verdi. Bu resursların bir hissəsi məhz Ermənistana yönəldi. Nəticədə ölkə iqtisadiyyatında analoqu olmayan bir canlanma baş verdi. Ölkənin ÜDM-si ötən il (12,6 %) kəskin şəkildə artdı. İqtisadi inkişafın 2,6 faiz bəndi təkrar ixracın hesabına təmin olundu. İxracının 24,8 %-i (1,3 milyard ABŞ dollarına yaxın) isə məhz təkrar ixracın payına düşürdü. Onsuz ixracın artım templəri 2 dəfə az ola bilərdi. Nəticədə isə Ermənistanın ixracı əvvəlki ilə nisbətən 2022-ci ildə 78 % artaraq 5,3 milyard ABŞ dollarına çatdı.

Ermənistan "aparıcı" çip ixracatçılarından birinə çevrilib

Ötən ilin ixrac üzrə rekord səviyyəyə çıxan Ermənistan bu ildə həmin tendensiyanı davam etdirdi. Bu ilin ilk altı ayında ixrac üzrə yeni tarixi rekord əldə olundu. Ölkənin ixracı 3,27 milyard ABŞ dollarına çatdı. Lakin ixracın strukturuna daha detallı baxsaq bir sıra təzadlı məqamlar ortaya çıxır. Bu Ermənistanın yüksək texnoloji məhsulların ixracının kəskin artmasıdır. Belə ki, ötən ilin ilk yarısı ilə müqayisədə ölkənin maşın, avadanlıq və mexanizmlər ixracı 8,4 dəfə, yerüstü, hava və su nəqliyyatı vasitələrinin ixracı isə 14,8 dəfə artıb. Hətta Ermənistan müdafiə sənayesi üçün yarımkeçirici ixrac edən əsas ölkələr arasında 4-cü pilləyə yüksələ bilib.

Bəs Ermənistan bu həcmdə məhsul istehsal etmək iqtidarındadırmı? Statistik məlumatların təhlili göstərir ki, Ermənistan heç bir halda bu cür miqyasda nə çip nədə ki, digər qəliz texnoloji prosesə əsaslanan avadanlıq istehsal edə bilməz. Ermənistanın ötən il xaricə maşın, avadanlıq və mexanizmlər tədarükündə müstəqillik dövrünün ən yüksək göstəricisi (67 milyon ABŞ dolları) qeydə alındığı halda bu ilin ilk yarısında ixrac birdən-birə 567 milyon ABŞ dollarına çatıb.

Analoji tendensiya yerüstü, hava və su nəqliyyatı vasitələrinin ixracında da müşahidə olunur. Belə ki, hesabat dövründə Ermənistanın bu məhsulların ixracı üzrə illik ən yüksək göstəricisi 40 milyon ABŞ dolları olduğu halda bu ilin ilk 6 ayında 351 milyon ABŞ dolları olub. Halbuki ixracın artımına səbəb olan malların bir çoxu Ermənistanda istehsal olunmur. Ölkədə istehsal olunan kompüter, elektron və optik avadanlıqların, nəqliyyat vasitələrinin sayı isə ixrac sayında əhəmiyyətli dərəcədə azdır.

Rusiya sanksiyalar altında olan malları Ermənistan üzərindən tədarük edir

Fürsətçil Ermənistan tarixin müxtəlif dövrlərində olduğu kimi yenə bulanıq suda balıq tutmaqla məşğuldur. Ermənistan regionda formalaşan geosiyasi qarışıqlıqdan maksimal dərəcədə yararlanmaq və eyni zamanda yarınmaq yolunu tutub. Sanksiyalardan dolayı yarımkeçiricilər, yüksək texnoloji avadanlıqlar, maşın və mexanizmlər, hava, su və quru nəqliyyat vasitələri və yüksək texnoloji məhsulları birbaşa olaraq idxal edə bilməyən Rusiya bunu Ermənistan vasitəsilə edir. Bunun nəticəsidir ki, Ermənistan müharibəyə kimi həmin məhsullar üzrə Rusiyanın əsas tədarükçüləri olan ölkələrdən məhsul alışını kəskin artırıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk yarısında Ermənistanın Amerika Birləşmiş Ştatlarından idxalı (367 milyon ABŞ dolları dəyərində məhsul alınıb) 3,3 dəfə, Almaniyadan (302,9 milyon ABŞ dolları) 2,2 dəfə, Yaponiyadan (221,7 milyon ABŞ dolları) 5,2 dəfə, Polşadan (100,4 milyon ABŞ dolları) 4,2 dəfə, Cənubi Koreyadan (78,74 milyon ABŞ dolları) 2,5 dəfə, Böyük Britaniyadan (57,2 milyon ABŞ dolları) 2,4 dəfə, Avstriyadan (45,9 milyon ABŞ dolları) 4 dəfə, Kanadadan (37 milyon ABŞ dolları) 2,3 dəfə, Danimarkadan (10,7 milyon ABŞ dolları) 4,3 dəfə, Finlandiyadan (24,4 milyon ABŞ dolları) 2,3 dəfə artıb. Həmin məhsulların son ünvanının Rusiya olduğu şübhə doğurmur. Bunun nəticəsidir ki, bu ilin ilk yarısında Ermənistanın Rusiyaya ixracı ötən ilin analoji dövrü ilə müqayisədə 3 dəfə artaraq 1,68 milyard ABŞ dollarına çatıb. Bu isə müasir Ermənistan tarixində bir rekorddur.


Daha əvvəlki rekord isə bir il əvvəl qeydə alındı. O zaman Ermənistan ilk dəfə olaraq Rusiyaya yarım milyard ABŞ dollarından çox məhsul ixrac etdi. Görünən odur ki, bu gün Ermənistan faktiki olaraq sanksiyaların təsiri altından olan məhsulların Rusiyaya ötürülməsi istiqamətində əsas plasdarm rolunu oynayır. Bu, Avropa İttifaqı və ABŞ-ın da diqqətini çəkib və Ermənistana Rusiyaya sanksiyalardan yayınmağa kömək etməkdən çəkinməyə çağırışlar eşidilməkdədir. Bu gedişlə Ermənistanın özünün sərt sanksiyaların obyektinə çevrilə biləcəyini ehtimal etmək olar.

Artıq Vaşinqton Ermənistanı qadağan olunan malları Rusiya və Belarusa aşırmada ittiham edir. Bununla əlaqədar olaraq bir neçə Ermənistan şirkətinə qarşı sanksiyalar da tətbiq edilib. Avropa İttifaqı da bu prosesə qoşulacaq. Belə ki, son sanksiyalar paketinin layihəsində bu şirkətlərdən ən azı birinə ABŞ-ın sanksiyalar siyahısına düşən elektronika və telekommunikasiya malları idxalatçısı olan “Tako” şirkətinə qarşı sərt ticarət məhdudiyyətləri tətbiq edəcək.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər