“İrəvanda mer seçkiləri həm də siyasi xarakter daşıyır. Ermənistanın paytaxtında Rusiya ilə Qərb arasında toqquşma başlayıb”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti yazır.
Nəşrin məlumatına görə, indiyədək seçkidə iştirakını elan edən namizədlərdən ən azı ikisi aşkar rusiyayönümlüdür:
“Yəqin ki, onların lokomotivi keçmiş mer, aktyor Hayk Marutyan olacaq. O, artıq seçkiyə qatılacağını açıqlayıb. Marutyan vəzifədə olarkən daha çox Rusiya tərəfi ilə işləyib, Rusiya istehsalı texnika, “Kamaz” və “Qazel” alıb, həmçinin tez-tez Rusiyaya ezamiyyətə gedib, səfirlə görüşüb.
Nikol Paşinyanın isə ümidi həmişə olduğu kimi Qərbdir. Tiqran Avinyan daha çox qərbyönlü namizəd kimi görünür, əsasən Avropa şəhərləri ilə əməkdaşlıq axtarışındadır. Bu yaxınlarda Vaşinqtonda olub, bir neçə gün əvvəl isə ABŞ səfirliyinin nümayəndələri ilə görüşüb.
Qərb qanadını həm də hazırda Artak Zeynalyanın başçılıq etdiyi “Respublika” Partiyası təmsil edir. Görünür, sonuncular hökumətlə koalisiya yaratmağa hazırdır”.
Parlament müxalifəti seçkilərdə iştirak etməyəcəyini bəyan edib.
“Joqovurd” qeyd edib ki, Moskva Paşinyanı İrəvanda hakimiyyətdən məhrum etməyə çalışacaq.