“Eerkrap” könüllülər birliyinin keçmiş sədr müavini Albert Bazeyan Ermənistanın baş naziri Nikol Paşinyana qarşı sui-qəsd hazırladığına görə həbs edilib.
Teleqraf.com “Sputnik-Armeniya”ya istinadla xəbər verir ki, bu barədə onun vəkili Georgi Melikyan sosial şəbəkələrdəki hesabında məlumat verib.
Qeyd edilir ki, istintaqın bununla bağlı vəsatəti tam təmin olunub.
Bundan əvvəl vəkil Akop Cahangiryan bildirib ki, Bazeyan sentyabrın 23-də axşam saatlarında öz mənzilində saxlanılıb. Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları onun evində axtarış aparıb, bəzi əşya və sənədləri götürüblər. Bundan sonra o, Milli Təhlükəsizlik Xidmətinə, daha sonra isə Daxili İşlər Nazirliyinin İrəvanın Erebuni rayonundakı təcridxanasına aparılıb. O, hakimiyyəti qəsb etmək cəhdində şübhəli bilinirdi.
Albert Bazeyanla birlikdə “Səlibçilər” hərbi-vətənpərvərlik təşkilatının daha 7 üzvü saxlanılıb.
Sentyabrın 24-də Ermənistan Milli Təhlükəsizlik Xidməti hakimiyyəti ələ keçirməyə hazırlaşmaqda şübhəli bilinən 8 nəfəri saxladığını bildirib.