“Rusiyanın Ermənistana cavabı hərbi müstəvidə olacaq”.
Teleqraf.com xəbər verir ki, bunu erməni diplomat Vaaqn Məlikyan deyib.
Onun fikrincə, Ermənistan Rusiyanı Qərblə əvəzləmək qərarına gəlibsə, yəni geosiyasi vektorun dəyişdirilməsindən söhbət gedirsə, o zaman bunu əvvəlcə yaxşı hesablamalı, onun nəticəsini anlamalı, sonra bəyanatlarla çıxış etməlidir:
“Hesablama yoxdur, bunun əvəzinə verilən bəyanatlar xeyirdən çox zərər verir. İkinci bir fikir yoxdur, daha çox ziyan vururlar, sadə səbəbə görə: nəyisə başqası ilə dəyişməyə çalışanda belə bir addım atmaq üçün kifayət qədər güclü təməl atmalısan, ciddi hesablamalar aparmalısan. Əminəm ki, heç bir hesablama aparılmayıb, bunlar sadəcə müxtəlif mərkəzlərin, paytaxtların (Qərbin) qulağına xoş gələn, bizə zərərdən başqa heç nə gətirməyən açıqlamalardır”.
Məlikyanın fikrincə, Baş nazir Nikol Paşinyan etibarsız, dəyişkən, qeyri-sabit partnyor imicinə malikdir, Ermənistanın Avropa ailəsinə qəbul edilməsi üçün aydın mövqe ortaya qoya bilmir:
“Bir həftə əvvəl Rusiyaya söz vermişdi ki, vektoru dəyişməyəcək, o gün xahiş etdi ki, onu Avropada qəbul etsinlər. İndi burada aydın nəsə varmı? Səhər bir şey, günorta başqa bir şey, axşam tam başqa bir şey eşidirik”.
Diplomatın sözlərinə görə, Rusiyadan Ermənistana dəqiq cavab gecikməyəcək:
“Hərbi addımlar istənilən halda olacaq, bunu böyük ağrı ilə deyirəm, bu, mənim mövqeyim deyil. Bir il əvvəl demişdim ki, belə olacaq, indi dediklərimin gerçəkləşdiyi üçün sevinmirəm. Belə bəyanatlar, xüsusən də bu gərgin anlarda ən gözlənilməz gəlişmələrə gətirib çıxara bilər”.