Ermənistanın yüz milyonlarla avro dəyərində olan fransız silahlarının pulunu necə ödəyəcəyi məlum deyil.
Teleqraf.com xəbər verir ki, bu barədə Fransanın “Le Monde” qəzeti yazır.
Nəşrin məlumatına görə, Fransanın Ermənistana dəstəyinə təlimlər, həmçinin radarların və zenit-raket komplekslərinin satışı daxildir.
“Bunlar Ukraynaya hərbi yardımda olduğu kimi silah tədarükü deyil, müqavilələrdir”, - qəzet əlavə edir.
Ermənistana silah satışının hərbi yardım olmadığı fikrini Fransanın silahlı qüvvələr Naziri Sebastyan Lekornu da deyib.
Fransız nəşri qeyd edir ki, Azərbaycandan başqa, bu hərbi əməkdaşlıq Rusiya tərəfindən də təhlükə kimi qəbul edilə bilər:
“Ermənistanın tarixi müttəfiqi olan Moskva regionda öz təsirini saxlamaqda qərarlıdır. Üstəlik, Fransaya hərbi yardım elanı Ermənistanın hələ də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olduğu bir vaxtda edilib.
İrəvanın qiyməti bir neçə yüz milyon avroya çata biləcək elan edilmiş satınalmaları necə maliyyələşdirəcəyini görmək qalır”.
“Le Monde” Ermənistanın Fransadan alacağı bahalı silahların pulunu necə ödəyəcəyinin qeyri-müəyyən olduğunu vurğulayır. Nəşr ölkənin bunun üçün maliyyə imkanlarının məhdudluğuna diqqət çəkir.