28 Oktyabr 2023 16:35
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Paşinyan Rusiyadan uzaqlaşmanın özü və ətrafı üçün fiziki təhlükəni artırmasından narahatdır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Ermənistan parlamentinin gülləbaran edilməsindən 24 il ötür. 1999-cu ilin 29 oktyabrında jurnalist vəsiqələriylə parlamentə daxil olan bir qrup silahlı şəxs Ermənistan baş naziri, parlament sədri, onun müavini, nazir və bir qrup deputatı qətlə yetirmişdi. Məhkəmə qrup üzvlərinə ömürlük həbs cəzası verdi, ancaq terrorun sifarişçisinin üstü bugünə qədər açılmayıb. Terror aktı 1999-cu ilin dekabrında işə başlayacaq ATƏT-in İstanbul sammitində Qarabağla bağlı hər hansı razılaşmanı mümkünsüz etdi.

Ermənistan Baş naziri Nikol Paşinyan spiker Alen Simonyanla terror aktı zamanı öldürülən siyasilərin xatirəsini yad edərək, qurbanların abidəsinə əklil qoyub. Erməni nəşrləri diqqəti ona çəkiblər ki, Paşinyan terror qurbanlarının qohumları ilə görüşmək istəməyib. Ümumiyyətlə, keçmiş illərdə “xalq adamı” sayılan Paşinyan İkinci Qarabağ Müharibəsindən sonra kütlədən çəkinir”, - ekspert bildirib.

Elxan Şahinoğlu spikerin 24 il əvvəlki olayla bağlı fikirlərinə diqqət çəkib:

“Simonyanın “Ermənistanda 1999-cu ilin oktyabrında baş verən terror aktı təkrarlana bilər” açıqlaması da müzakirə predmetidir. Bu mesajın arxasında nə dayanır? Simonyan bir sıra hallarda lideri Paşinyanın sözçüsü rolunda çıxış edir, baş nazirin qapalı dairədə səsləndirdiklərini geniş auditoriyaya çatdırır. Görünür, Paşinyan Rusiyadan uzaqlaşmanın özü və ətrafı üçün fiziki təhlükəni artırmasından narahatdır. 1999-cu ildə parlamentə hücumun arxasında da Rusiya izinin olduğu şübhəsi vardı, çünki parlamenti gülləbaran edənlərin bir qismi Rusiyada yaşamışdı”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər