Ermənistan Baş naziri Nikol Paşinyan Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığında KTMT-nin Minskdə keçiriləcək sammitində iştirak etməyəcəyi barədə məlumat verib. Xəbər Rusiya mediası və ekspert dairələrində aktiv müzakirə olunur.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
Rusiyadakı ən populyar rəyə görə, Ermənistan rəhbərliyi KTMT-dən ləng çıxma prosesinə başlayıb. Rusiyalı ekspertlər Ermənistan rəsmilərinin noyabrın 9-10-da Brüsseldə keçirdikləri təmaslara (Ermənistan-Avropa Forumu) diqqət çəkirlər. Xüsusən də Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Brüsseldə Rusiya əleyhinə verdiyi açıqlamalara. Rusların fikrincə, forumda qəbul edilən bəyannamə təsdiqləyir ki, Ermənistanın strateji perspektivi Avropaya inteqrasiyadır, KTMT, Avrasiya İqtisadi Birliyi və MDB-dən çıxmağı, bu çərçivədə Rusiya ilə münasibətləri sırf ikitərəfli müstəvidə davam etdirməyi planlaşdırıb.
Bir qrup rusiyalı ekspert isə Ermənistan-Fransa hərbi-texniki əməkdaşlığına, Fransanın Ermənistana silah tədarük etməsinə diqqət yetirib. Bu məsələdə ruslar üçün xüsusilə problem yaradan odur ki, Ermənistan Fransa silahlarını Avropa Sülh Fondunun maliyyə dəstəyi ilə alacaq. Fond Ermənistandan tələb edir ki, Rusiya və KTMT-nin birgə hərbi layihələrində Qərb istehsalı silahlardan istifadə olunmamalıdır, eyni zamanda, yeni fransız silahları qəbul edildikdən sonra köhnələri Ukraynaya verilməlidir.
Bu kontekstdə rusiyalı ekspertlər üçün əsas sual İrəvan Ukraynaya silah ötürməyə, onları yeni fransız silahları ilə əvəzləməyə başlasa, Moskvanın reaksiyasının necə olacağıdır. Belə bir fikir də var ki, Ermənistan öz xarici siyasət vektorunu dəyişdirərək son Qarabağ müharibəsindən sonra yaranmış geosiyasi dalandan çıxmağa çalışır. Bu çərçivədə görünən budur ki, artıq Ermənistan Rusiyanın iştirak etdiyi heç bir tədbirdə iştirak etməməyə, eyni anda hər iki stulda oturmaq siyasəti aparmağa başlayıb.
Bəs həqiqətənmi Qərb Ermənistanı qəbul etməyə hazırdırmı? Ruslar buna şübhə ilə yanaşırlar. Yəni Qərblə nəticəsiz flört Ermənistanı Rusiya tərəfindən cəzalandırılma ilə bitə bilər.
Politoloq Modest Kolerov Kremlin hələlik baş verənlərə yumşaq reaksiya verdiyini deyib. Ekspert gedişatın Rusiya əleyhinə praktiki addımlarla müşayiət olunacağı təqdirdə, Moskvanın fərqli qərar verəcəyini istisna etmir.