Ermənistanın əmək və sosial məsələlər naziri Narek Mkrtçyan Ər-Riyadda səudiyyəli həmkarı Əhməd bin Süleyman Əl-Raci ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, görüşdə əmək və sosial müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi kontekstində əl-Raci Ermənistanla sektoral əməkdaşlığı dərinləşdirməyə hazır olduqlarını deyib.
Mkrtçyan səfəri çərçivəsində Səudiyyə Ərəbistanının insan resursları və sosial inkişaf nazirinin müavini Abdulla Nasir əbu Tainlə də görüşüb. Görüşün nəticəsi olaraq əməkdaşlığın gələcək addımlarını tənzimləmək və onların işlənməsi üçün işçi qrupu yaradılıb.
Əldə olunmuş razılığa əsasən, işçi qrupu birgə proqramların həyata keçirilməsi və əməkdaşlığın inkişafı istiqamətlərini özündə əks etdirən memorandumun imzalanması məqsədilə zəruri işləri də həyata keçirəcək.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Azərbaycan ərazilərinin işğal edilməsinə görə Ermənistanla bütün əlaqələri dayandırmışdı. 44 günlük müharibədən sonra iki ölkə arasında əlaqələrin bərpasına başlanılıb.