İran ABŞ və NATO-ya inteqrasiyanı sürətləndirən Ermənistana hərbi müdaxilə edə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Topwar.ru saytı yazır.
Portal iddia edir ki, Ermənistanın “təhlükəsizlik qarantı” kimi Rusiyanı ABŞ və ya Qərblə əvəzləmək siyasəti Moskva ilə yanaşı, İran üçün də təhlükə yaradır:
“Nikol Paşinyanın Vaşinqton və Brüsselə əyilməsi Tehranla yalnız qarşıdurmaya səbəb ola bilər. Tehran Ermənistanın “NATO körpüsü”nə çevrilməsindən narahatlığını gizlətmir, bunu birbaşa erməni tərəfinə deyir. İrəvanın NATO-ya inteqrasiya prosesi Ermənistan-Amerika hərbi təlimləri ilə təsdiqlənib”.
Sayt iddia edir ki, İran hadisələrin gedişatına uyğun olaraq, Ermənistana münasibətini dəyişdirə bilər. Mənbə söhbətin siyasi təzyiqlərdən yox, birbaşa hərbi müdaxilədən getdiyini yazır.
Rusiya saytı indiki Ermənistanın (əslində tarixi Azərbaycan ərazisi – red.) vaxtilə Sasani İmperiyası tərəfindən işğalını xatırladıb.