16 Dekabr 2023 18:24
5 680
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresi Ukraynaya yardım göstərilməsi ilə bağlı razılaşma əldə olunmadan tətilə gedəcək, Kiyevə verilən silah ehtiyatı isə tükənmək üzrədir. Ona görə də Ukraynanın tezliklə Rusiya ordusunun hücumuna qədər tək qala biləcəyi istisna edilmir. Bu nümunə Ermənistan üçün də dərs olmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu erməni jurnalist Artur Karapetyan deyib.

Jurnalist kənar dövlətlərə arxalanan Ermənistanın zəngin Azərbaycan qarşısında hərbi tarazlıq yaratmasının mümkün olmadığını bildirib:

“Son vaxtlar Ermənistanda belə fikirlər formalaşır ki, Ermənistan Rusiyadan üz döndərərək Qərbə arxalanmalıdır. Əgər Ermənistan hansısa Qərb, xüsusən də Fransa silahları ilə təmin edilirsə, unutmayın ki, Azərbaycan milyardlarla dollarlıq silahlar alır, yəni bununla vəziyyəti dəyişmək mümkün deyil.

Hətta Fransa mətbuatı Ermənistana göndərilən “Bastion” zirehli maşınlarının əslində Ukrayna üçün nəzərdə tutulduğunu yazır, amma ukraynalılar müdafiə keyfiyyətini nəzərə alaraq bu texnikalardan imtina ediblər. Eyni zamanda, Qərb Ermənistana hücum silahı verə bilər, amma bunu etmir. Çünki Qərb hərbi-siyasi bloku Ermənistanı gücləndirməkdə yox, Rusiyanı regiondan sıxışdırıb çıxarmaqda maraqlıdır.

Deyək ki, Ermənistan KTMT-dən çıxsın və onlar daha böyük həcmdə silah tədarük etməyə başlasınlar. Amma Ukrayna nümunəsi göstərir ki, bu, sonda Ermənistanı tək qoymayacaqlarına zəmanət deyil”.

Karapetyan hesab edir ki, təhlükəsizlik baxımından Qərbə ciddi ümidlər bəsləməyə ehtiyac yoxdur, xüsusən də Rusiyanın çox sərt reaksiya verə biləcəyini nəzərə alaraq - bundan Qərb yox, Ermənistan zərər görəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər