Brüsseldə Ermənistan və Avropa İttifaqı (Aİ) arasında saziş imzalanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Qeyd olunub ki, saziş ağır cinayətlər, o cümlədən, mütəşəkkil cinayətkarlıq və terrorizmlə mübarizədə Aİ və Ermənistanın ədliyyə orqanlarının birgə fəaliyyətini nəzərdə tutur. Belə ki, Aİ Ermənistanı istintaq qruplarının formalaşdırılmasında dəstəkləyəcək.
Bundan başqa, saziş çərçivəsində məxfi məlumatların ötürülməsi də nəzərdə tutulur.
Qeyd edək ki, bu yaxında ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinqdə bildirib ki, Ermənistanın ticari tərəfdaşlığın şaxələndirilməsi və humanitar ehtiyacların qarşılanması işində ABŞ və Avropa İttifaqının (Aİ) ölkəyə dəstəyini müzakirə etmək üçün ABŞ dövlət katibi Antoni Blinken Brüsseldə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə üçtərəfli ABŞ-Aİ-Ermənistan görüşündə iştirak edəcək.
O, Brüsseldəki görüşün diqqəti Ermənistanın iqtisadi dayanıqlılığına yönəltmək məqsədi daşıdığını əlavə edib.