Ermənistan Baş naziri Nikol Paşinyan mümkün regional gəlişmələrlə bağlı İrəvanın xarici ölkələrdəki səfirlərini hədələyib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Past” qəzeti yazır.
Erməni nəşrinin iddiasına görə, Paşinyan gələcək proseslərlə bağlı səfirlər qarşısında konkret vəzifələr qoyub:
“Ermənistanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin rəhbərlərinin illik toplantısı dünən Dilicanda keçirilib.
Hökumətin press-relizində deyilir ki, baş nazir diplomatik nümayəndəliklərin əsas rolunu və əhəmiyyətini vurğulayan çıxış edib. Paşinyan Ermənistanın xarici siyasətinin prioritetlərinə və çağırışlarına toxunub.
Mənbəmiz bildirir ki, Paşinyan heç nə uzatmadan Ermənistanı yaxın gələcəkdə ciddi çağırışların gözlədiyinə eyham vurub və İrəvanın müxtəlif ölkələrdəki səfirlərinin hökumətin tapşırıqlarını müzakirəsiz yerinə yetirəcəyini gözləyir. Baş nazir həmçinin qeyd edib ki, gələcək proseslərə qarışmaq istəməyən hər kəs dərhal ərizə yazıb diplomatik xidməti tərk edə bilər. Bundan başqa, hökumət və xarici işlər naziri Ararat Mirzoyan etibarsız saydıqları ondan çox səfirin siyahısını hazırlayıb və bu adamları daha sadiq şəxslərlə, xüsusən də hakim partiyanın üzvləri ilə əvəzləmək niyyətindədir”.
Mənbə mümkün gəlişmələrin Azərbaycanla sülh müqaviləsi, Zəngəzur dəhlizi, Ermənistanda konstitusiya dəyişikliyi və digər məsələlərlə əlaqədar olacağını istisna etmir.