28 Avqust 12:15
2 966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 26-27-də Dilcanda keçirilən Ermənistanın xaricdəki səfirləri ilə toplantıda Baş nazir Nikol Paşinyan diplomatları seçim qarşısında qoyub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” yazır.

İkigünlük toplantıya Nikol Paşinyanla yanaşı, Prezident Vaaqn Xaçaturyan və baş nazirin müavinləri də qatılıblar.

Nəşr baş nazirin qapalı toplantıda Ermənistanda baş verəcək gələcək mümkün gəlişmələr barədə danışdığını iddia edir:

“Baş nazirin aparatı müzakirənin təfərrüatlarını açıqlamayıb, Paşinyanın çıxışını yaymayıb, hətta kiçik bir hissə belə internetdə yerləşdirilməyib. Amma vaxtilə ölkə başçısının çıxışları həmişə yayımlanırdı.

Mənbələrimizin dediklərinə görə, Paşinyan iclasda (Cənubi Qafqazda) mümkün geosiyasi hadisələr və Ermənistanın üzləşdiyi çağırışlar barədə öz baxışını təqdim edib. Bundan sonra yumşaq desək, səfirləri seçim qarşısında qoyub, birbaşa mətnlə qarşıda çətin mərhələnin olduğunu, Ermənistanın ciddi çağırışlar qarşısında qaldığını, buna görə də bəzən standart həll yollarına gedə bilməyəcəklərini söyləyib və qeyd edib ki, sadiq əsgər kimi siyasi hakimiyyətin göstərişlərinə əməl etməyən və qəbul olunmuş siyasəti rəhbər tutmayanlar ərizə yazıb gedə bilərlər.

Mənbəmiz yaxın vaxtlarda bəzi səfirlərin dəyişəcəyini, bəzilərinin öz istəkləri ilə gedəcəyini, bəzilərinin də əvəzlənəcəyini istisna etmir”.

Baş nazirdən fərqli olaraq Xaçaturyanın ofisi prezidentin çıxışı ilə bağlı açıqlama verib, orada deyilir: “Ermənistan xarici siyasət və təhlükəsizlik arxitekturasının şaxələndirilməsi prosesinə başlayıb. Bu gün təkcə Ermənistan deyil, regionumuz və bəlkə də bütün dünya çətin günlər yaşayır”.

Ciddi çağırışların Ermənistanın xarici siyasətindəki kəskin dəyişiklikdən qaynaqlandığı istisna olunmur. Söhbət Rusiya ilə münasibətlərin səviyyəsini minimuma endirən Ermənistanın Qərbə inteqrasiya və hərbi əməkdaşlıqda atdığı və atacağı yeni və daha konkret addımların doğuracağı mümkün nəticələrdən gedir. Toplantının Moskvadan İrəvana edilən xəbərdarlıq və artan təzyiqlər fonunda baş tutması da ayrıca diqqətçəkən məqamdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər