Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq xartiyasının imzalanmasında göstərilən tələskənlik göz önündədir. ABŞ bu sənədlə yanvarın 17-də Moskvada hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalamağa hazırlaşan Rusiya və İran prezidentlərinə mesaj göndərir.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Qrant Məlik-Şahnazaryan deyib.
“Ermənistan-Amerika sənədini diqqətlə oxuyan adam görər ki, İran və Rusiyanı narahat (təhdid) edən çoxlu müddəalar var. İmzalanan xartiya faktiki olaraq Ermənistanı ABŞ-nin regionda nəzarət proqramlarının həyata keçirilməsi üçün alətə çevirir ki, bu da hər an həm Moskva, həm də Tehrana qarşı istifadə oluna bilər. Bu, ən azı hər iki ölkəyə qarşı müxalifətçilik demək olacaq. Təəssüf ki, Ermənistan bizim üçün bir çox təhlükələri ehtiva edən geosiyasi mərkəzlərin maraqlarının toqquşduğu məkan olaraq qalmaqda davam edir.
Ermənistan hakimiyyəti ardıcıl olaraq Rusiya və İranla münasibətləri gərginləşdirir. Bu, əməkdaşlıqdan imtinaya yox, konkret münaqişəyə bənzəyir. Ermənistan həmin münaqişədən nə qazana bilər? Əlbəttə, yalnız yeni itkilər. Bəs Azərbaycan, Türkiyə, İran və Rusiya ilə bütün bu münaqişələrdə ölkəmizin tab gətirə biləcəyinə hansı təminatlar var? Belə və heç bir zəmanət yoxdur”, - ekspert bildirib.
Məlik-Şahnazaryan İrəvanın bölgədə yeni müharibəni körüklədiyini vurğulayıb:
“Ötən axşam Paşinyanla Mirzoyan müharibəni ölkəmizin sərhədlərinə bir addım da yaxınlaşdırdı. Qorxuram ki, artıq qaçılmazdır”.