Yanvarın 21-də Moskvada erməni həmkarı Ararat Mirzoyanla görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, iki ölkə arasındakı ticarət dövriyyəsində rekord artım var, rəqəmlər 12 milyard dollara yaxınlaşır, bəlkə də bu həddi keçəcək. Bu, görünməmiş bir göstəricidir.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Stepan Həsən-Cəlalyan deyib.
Erməni analitik Lavrovun bu sözlərinə də diqqət çəkib:
“Rusiya Ermənistanın əsas xarici ticarət və investisiya tərəfdaşı olaraq qalır. Şirkətlərimiz Ermənistan büdcəsinə vergilərin ödənilməsi üzrə dəyişməz liderdir və Rusiya biznesi Ermənistan bazarında fəaliyyətini daha da genişləndirməkdə maraqlıdır. Ermənistan rəhbərliyinin iş adamlarımıza münasibətini yüksək qiymətləndiririk”.
Həsən-Cəlalyan başqa bir maraqlı məqama da toxunub:
“Yuxarıdakı faktı nəzərə alsaq, yanvarın 14-də Vaşinqtonda ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyasının imzalayan, amma Rusiya ilə ticarətdə rekord artım yaşayan Ermənistanın 2025-ci ildə xarici siyasət vektorunu dəyişəcəyinə inanmaq sadəlövhlük olardı”.
İki ölkə arasındakı rekord artıma gəlincə, bunun ABŞ və Avropa İttifaqından Rusiyaya tətbiq edilən sanksiyalar çərçivəsində olduğu barədə məlumatlar uzun müddətdir gündəmdədir. Ermənistanın sanksiyalara məruz qalan malları Qərb ölkələrindən alaraq Rusiyaya ötürdüyü və ya satdığı barədə Avropa və Amerikanın media qurumlarında saysız materiallar dərc olunub.
Rusiyanın bu fonda İrəvanın Vaşinqtonla strateji tərəfdaşlıq sazişinin üzərindən “Ermənistanın daxili işidir” ümumiləşdirməsi ilə üzərindən səthi keçməsi də bir başqa diqqətçəkən məqamdır. Eyni münasibət İrəvanın Avropa İttifaqına üzvlük prosesinə başladılmasına qarşı da sərgilənib. Halbuki ABŞ ilə anoloji sazişləri imzalayan Gürcüstan və Ukraynaya Rusiyanın təpkisi sərt olmuşdu. Görünür, Kremldə hansısa səbəblərdən İrəvandan arxayınlıq var.