ABŞ Beynəlxalq İnkişaf Agentliyinə (USAID) bu və ya digər şəkildə bağlı olan erməni təşkilatları çaşqınlıq içindədir, USAID-in vəsaitləri ilə həyata keçirilməli olan çoxsaylı proqramları hansı aqibətin gözlədiyini bilmirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” yazır.
Nəşr xatırladır ki, ABŞ Prezidenti Donald Tramp yanvarın 24-də bu proqramların xarici siyasətə uyğun gəlmədiyi üçün Amerikanın bütün xarici yardımlarını 90 gün müddətinə donduran sərəncam imzalayıb. Artıq USAID-in Vaşinqtondakı mərkəzi ofisi bağlanıb, qurumun müvəqqəti rəhbəri ABŞ Dövlət katibi Marko Rubio təyin edilib. Rubio bu posta qatı ermənipərəst kimi tanınan Samanta Paueri əvəzləyib.
Məqalədə deyilir ki, Ağ Evin qərarı erməni mediası, ictimai təşkilatları və vətəndaş sektorunun maliyyələşməsinə də təsir göstərib.
“Joqovurd” məsələ ilə bağlı “Söz Azadlığı Müdafiəsi” Komitəsinin sədri Aşot Məlikyana müraciət edib. Yeri gəlmişkən, bu komitə USAID tərəfindən maliyyələşdirilən qrant proqramları həyata keçirib.
Məlikyan qeyd edib ki, bununla bağlı ziddiyyətli məlumatlar var: “Mən USAID adına danışa bilmərəm, oradan qrant almışdıq, amma yanvarın 25-də “İnternyus Ermənistan” bizə bildirmişdi ki, proqram 90 gün müddətinə dayandırılıb”.
Onun sözlərinə görə, yeni göstərişlər alınana qədər heç bir vəsait ayrılması olmayacaq. Melikyan əlavə edib ki, gələcəkdə nələrin baş verəcəyi ilə bağlı dəqiq məlumat yoxdur və proqramın davam edib-etməyəcəyi də naməlumdur.
ANİ Araşdırmalar Mərkəzinin koordinatoru Tatul Akopyan da Trampın qərarından sonra Ermənistan vətəndaş cəmiyyəti və mediası üçün ağır durumdan yazıb. O hesab edir ki, Ermənistan hökuməti ABŞ-nin siyasəti aydın olanadək bu maliyyə boşluğunu müvəqqəti olaraq aradan qaldırmalı və bu strukturları dəstəkləməlidir.
Ermənistanın “Civilnet” media platforması da USAID-in subsidiyalarına arxalanırdı. Qurumun məlumatına görə, Ermənistanda media və təhsil proqramlarının hazırlanması ilə məşğul olan bir çox KİV və QHT ABŞ Dövlət Departamentindən layihələr üçün vəsait alır. Onların arasında gənc jurnalistlər üçün təlimlər keçən “Hetq” araşdırmaçı media resursu da var.
USAID Ermənistanda 1992-ci ildə fəaliyyətə başlayıb, 2005-ci ilə qədər bu ölkəyə yardım göstərib. Agentlik 2013-cü ildə Ermənistan hökuməti ilə birbaşa əməkdaşlığa keçib.
2023-cü ildə USAID Ermənistanda 5 illik 15 milyon dollarlıq proqrama başlamışdı. İndi Amerika qrantlarının dondurulması bu qurumdan qrantlar alan ən müxtəlif qurumlarda ciddi problemlər yaradıb.