6 İyun 2017 16:09
2 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

Formula 1 Azərbaycan Qran Prisi üçün bilet satışı yaxşı gedir. İndiyədək 57 xarici ölkədən bilet alınıb.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai iyunun 23-dən 25-dək Bakıda keçiriləcək Formula 1 yarışları üçün bilet satışının durumu barədə danışarkən deyib.

Onun sözlərinə görə, azərbaycanlılar da bu yarışa xüsusi maraq göstərir: “Yarışa az vaxt qalıb, hesab edirik ki, əcnəbi tamaşaçıların sayı ötən illə müqayisədə çox olacaq. İçərişəhər və Filarmoniya tribunasına biletlər satılıb qurtarıb. Digər tribunalara isə biletlərin yarıdan çoxu satılıb”.

Bu il 10 manatlıq biletlər də var

Nigar Arpadarai ötən illə müqayisədə bu il ucuz qiymətə biletlərin də satışa çıxarıldığını vurğulayıb: “Sahil və Sabir parkında yeni ayaqüstü yerlər istifadəyə verilib, oradakı biletlərin qiyməti 10 manatdan başlayır. Məqsədimiz bahalı bilet ala bilməyən, amma yarışlara baxmaq istəyən insanların Formula 1-i izləməsinə imkan yaratmaqdır. Həmin bilet sahibləri bulvar ərazisinə daxil ola bilməyəcəklər. Sadəcə olaraq yarışı öz zonalarından izləyəcəklər”.

Keçən il biletlər dollarla, bu il isə manatla təklif edilir

Marketinq və kommunikasiya şöbəsinin rəhbəri onu da əlavə edib ki, ümumilikdə bütün tribunalar üzrə biletlərin qiymətində enmə var: “Keçən il biletlər dollarla, bu il isə manatla təklif edilir. Ötənilki yarışlarda 10 manatlıq biletlər yox idi, biletlərin kateqoriyaları daha az idi. Bu il hər yarış günü üçün birgünlük biletlər var. Eyni zamanda 3 və 4 günlük biletlərimiz satışa çıxarılıb. Uşaqlar üçün xüsusi biletlər satılır ki, onların qiyməti daha ucuzdur. Builki biletlərin qiymətləri kifayət qədər münasibdir. Həmçinin mehmanxanalarla xüsusi olaraq işləyirik. Turistlərə biletlə yanaşı mehmanxana təkliflərimiz də olur”.

Teleqraf.com tribunalar üzrə ən ucuz və ən baha biletlərin qiymətini təqdim edir:

Bu tribunaya bütün biletlər 690 manatadır

Əsas tribuna sayılan Abşeron tribunası üzrə bütün sektorlara biletlər hər yarış gününə görə 690 manata təklif olunur. Bu bilet sahibləri cümə axşamı, cümə, şənbə və bazar günləri yarış və konserti izləmək imkanına malikdirlər. Komandaların avtoqarajları ilə üzbəüz yerləşən Abşeron tribunasına bilet alanlar yarışın yüksək adrenalin dolu başlanğıcına şahid olmaq və həyəcan verici pit-stop əməliyyatlarını izləmək üçün ən yaxşı mövqeyə sahibdirlər. Bu tribunada olan yarış həvəskarları Pit Yolu, start düzülüşü və finiş xəttini yaxından izləyə biləcəklər. Abşeron tribunasında əyləşən tamaşaçılar həmçinin yarışın bitdiyini işarə edən Finiş bayrağının dalğalanmasına və Podium mərasiminə yaxından tamaşa edəcəklər. Eyni zamanda tamaşaçılar yarış bitdikdən sonra trekdə baş tutacaq bayramda iştirak etmək imkanına sahib olacaqlar.

16-ci döngəyə qədər amansız rəqabəti Azneftdən izləmək olar

Azneft tribunasının 4 günlük biletinə sahib olmaq istəyən şəxs 490 AZN ödəməlidir. Yalnız şənbə və bazar günləri keçirilən yarışları izləmək istəyənlər 50 manat ucuz təklif edilən 440 AZN-lik bilet ala bilər. Yarışın ilk günü üçün 1 günlük biletin qiyməti isə 125 manatadır.

Azneft tribunası Azneft dairəsi ətrafında yarışı yaxından izləməyə imkan verən mükəmməl mövqedə yerləşir. Buraya bilet alan tamaşaçılar dənizkənarı parkın Bakı tennis və yaxt klublara yaxın hissədə qərarlaşmış 16-cı döngəni ən yaxşı yerdən müşahidə etmək imkanına malik olacaqlar. Trekin eniş hissəsinin düz qurtaracağında yerləşən Azneft tribunasına bilet alanlar bolidlərin 16-ci döngəyə qədər amansız rəqabətini, kəskin dönüşlərini və döngənin ardınca sahil boyu uzanan sürət zolağında ötüşməsini izləmək imkanı verən əvəzolunmaz mövqedə yarışı izləyəcəklər.

Muğam tribunasında 4 günlük biletin qiyməti 400 AZN, 2 günlük biletinki 360 AZN, yalnız cümə günü üçün təklif edilən biletin qiyməti isə 100 AZN təşkil edir. Dənizkənarı parkda yerləşən Kukla Teatrının qarşısındakı Muğam tribunasına bilet alanlar yolun çarpaz hissəsində görüşən bolidləri eyni anda müşahidə edə biləcəklər. Trekin Muğam tribunasının düz qarşısında yerləşən qismində bolidlər həm soldan sağa doğru start/finiş istiqamətində, həm də buna əks istiqamətdə, sağdan sola doğru 7-ci döngəyə tərəf, şəhərin tarixi hissəsinə dönənədək tam sürətlə hərəkət edəcəklər. Bu tribuna trek üzərindəki mübarizəni çox yaxından izləmək imkanı verir.

Bolidlərə “Qız Qalası”ndan 90 AZN-ə baxmaq mümkündür

Qız Qalası tribunasında ən bahalı biletin qiyməti 300 manatadır. 2 günlük bilet 270, birgünlük bilet isə 90 AZN-ə təklif edilir.

Qız Qalası ilə üzbəüz yerləşən Qız Qalası tribunasına bilet alanlar YUNESKO-nun mədəni irs siyahısına daxil edilmiş bu tarixi abidənin nadir mənzərəsi fonunda F1 bolidlərinin yürüşünü seyr etmək imkanına sahib olacaqlar. Bu tribunaya bilet alan yarış həvəskarları bolidlərin buradan 18-ci döngəyə tərəf son sürətlə hərəkətini və onların Qız Qalasının tam qarşısından keçməklə sürət zolğı boyunca davam edəcək gərgin mübarizəsini izləyə biləcəklər.

Üzbəüz iki tribunada qiymətlər eynidir: 250, 225 və 80 AZN

Bulvar və Xəzər tribunasında cümə axşamı, cümə, şənbə və bazarı əhatə edən bilet 250 AZN təşkil edir. 2 günlük biletin qiyməti 225, cümə günü üçün bilet isə 80 manatadır. Dənizkənarı parkın Muzey Mərkəzi və Xəzər tribunası ilə üzbəüz hissəsində yerləşən Bulvar tribunasına bilet alanlar bolidlərin start/finiş xəttinə doğru saatda 300 km-i aşan sürətlə hərəkətini izləmək imkanına sahib olacaqlar.

Xəzər tribunasının bilet sahibləri isə Muzey Mərkəzinin qarşısında və Bulvar tribunası ilə üzbəüz yerləşən mövqedən bolidlərin start/finiş xəttinə doğru saatda 300 km-i aşan sürətlə hərəkətini yaxından müşahidə edə biləcəklər.

Azyaşlılar üçün endirimli biletlər

Azyaşlılar üçün biletlərin qiymətinə gəlincə, ən ucuz bilet Bulvar və Xəzər tribunalarına təklif edilir: 175 AZN.

İçərişəhər tribunasına böyüklər üçün biletlər satılıb qurtarsa da, azyaşlılar üçün biletlərin satışı davam edir. Bu tribunada azyaşlılar üçün biletin qiyməti 210 manatadır. Qız Qalası tribunasının bilet sahibləri azyaşlı övladlarını yarışa baxmağa gətirsə, 210 AZN xərcləməli olacaqlar. Muğam və Sahil tribunalarında azyaşlılar üçün biletlər 280 AZN təşkil edir. Azyaşlılar üçün ən bahalı biletlər isə əsas tribuna olan Abşeronadır. Filarmoniya tribunasının azyaşlılar üçün biletləri isə artıb satılıb qurtarıb.


Müəllif: Nərgiz Ehlamqızı