10 İyun 2017 00:49
1 069
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəmi 2 həftə sonra Bakıda Formula 1 Azərbaycan Qran Prisinə start veriləcək. Biletlərin qiyməti bu il ucuz təklif edildiyinə görə ötən illə müqayisədə əcnəbi tamaşaçıların daha çox olacağı proqnozlaşdırılır. Endirimli və ayaq üstü zonaların olduğunu nəzərə alsaq, 10 manat xərcləməklə Formula 1 bolidlərini izləmək şansı yaranıb. Ancaq ucuz biletlərlə yanaşı 5 min dollar civarında biletlər də bazara satışa çıxarılıb.

Bəs 5 min dollarlıq biletlər kimlər üçün nəzərdə tutulub? Bu biletin alıcıları varmı?

Teleqraf.com bununla bağlı araşdırma aparıb.

Bildiyimiz kimi, uzunluğu 6 km-dən bir qədər artıq olan Bakı Şəhər Halqası (BŞH) trekin uzunluğuna görə dünyada ikincidir. Halqa şəhərin tam mərkəzindən və ən gözəl məkanlarından keçir. Start və finiş xətti Azadlıq meydanındadır. Burada Formula 1 Paddok klubu, komandaların boksları və pit yolu qurulacaq.

5 ulduzlu otel şəraiti

Elə haqqında söz etdiyimiz bilet sahibləri yarışı Paddok klubdan izləyə biləcəklər. Paddok klub üçün təklif olunan biletlərin qiymətinin baha olması bir sıra səbəblərlə bağlıdır. Belə ki, yüksək səviyyəli xidmət, ləzzətli yeməklər və imtiyazlı giriş biletin qiymətinə təsir edən göstəricilərdir. Formula 1 Paddok klubunda yaradılan lüks şəraitə görə biletlərin qiyməti olduqca bahadır. Bu klub üçün bilet alan şəxslərə 5 ulduzlu otel şəraiti yaradılıb.

Hər bilet sahibi özü ilə qonaq dəvət edə biləcək

Formula 1 Paddok klubu pit yolu ilə üzbəüz oturacaqlardan yarışın bütün həyəcanlı anlarına şahid olmaq imkanı yaradır. Pit yolu pilotların yarışa hazırlıq yolu hesab edilir, burada pilotlar öz maşınlarını sazlayır, start üçün hazırlıq görürlər. Bu yolun kənarında avtoqarajlar yerləşir, onun üst hissəsi Paddok ərazi deyilən yerdir ki, VİP qonaqlar, Formula 1 rəhbərliyi həmin yerlərdə yarışı izləyir. Paddok klubun önü yarış keçirilən məkana açılır, oturacaqlar komandaların avtoqarajlarının üst hissəsində yerləşir və buradan pit yoluna, start və finiş xəttinə ecazkar mənzərə açılır. 5 min dollarlıq bilet sahibi buradan damalı bayrağı ilk görən şəxslərdən olacaq, qalib pilotun finiş xəttini birinci olaraq keçməsini yaxından izləyə biləcək. Hər bilet sahibi özü ilə bir qonaq da dəvət edə bilər.

İmtiyazlı giriş

Formula 1 Paddok klubunun təklif etdiyi ən təkrarolunmaz və müstəsna imkan Formula 1 pit yoluna imtiyazlı giriş hüququdur. Bilet sahibi yarış avtomobillərinin yaxınlığında həyəcanı hiss edəcək, avtomobillərin yarışlara necə hazırlandığının şahidi olacaq. Paddok klubun arxa tərəfində isə komandaların xüsusi otaqları var ki, oradan yarışın məşq sessiyaları, gedişatla bağlı pilotlarla mütəxəssislərin məsləhətləşmə apardıqları fəaliyyəti də izləmək mümkündür. Böyük məbləğdə vəsait ödəyənlər yarışın ən sürətli hissəsini yaxından müşahidə edəcəklər.

Məşhurlarla tanışlıq imkanı

Paddok klubun təkrarolunmaz üstünlükləri sırasında tanışlıqlar əldə etmək üçün nadir imkanların yaradıldığı qeyd edilir. Klub VİP-lərə və məşhur şəxslərə yaxın olmaq fürsəti verir. Paddok klub Formula 1-in korporativ ictimaiyyətinin nümayəndələrinə biznes əlaqələrin yaradılması, genişləndirilməsi və ya sadəcə olaraq əhəmiyyətli biznes tərəfdaşları ilə ünsiyyətdə olmaq üçün fürsət sayılır. Bilet sahibi gün ərzində dəvət etdiyi qonaqları ilə maraqlı vaxt keçirə, heç bir əziyyətə qatlaşmadan ciddi biznes layihələrini reallaşdıra biləcək.

Şampan barı, bahalı şərablarla əyləncəli gün

Bu klubda keyfiyyətli şərablar, şampan barı da təklif edilir. Yeməkdən zövq alanlar naharını da burada etmək imkanı qazanır. Çünki milli və 6 dünya mətbəxinin təamları məhz bilet sahiblərinin zövqünü oxşayacaq.

Bakı Şəhər Həlqəsi Əməliyyat Komitəsinin (BŞHƏK) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarainin sözlərinə görə, Paddok klub üçün biletlərin alıcıları əsasən iş adamlarıdır: “Dünyada, adətən, biznesmenlər, ayrı-ayrı şirkətlərin nümayəndələri öz qonaqlarını Paddok kluba dəvət edirlər, özləri üçün xüsusi otaqlar ayırıb VİP qonaqlarını qarşılayırlar. Həmin yerlərə biletin qiymətini isə biz yox, Formula 1 özü müəyyən edir. Bu klub bağlı klubdur və bazarımızdakı şirkətlər 5 min dollara təklif edilən bileti alırlar. Biz isə biletləri tribunalar üçün satırıq və qiymətlər də kifayət qədər münasibdir”.


Müəllif: Nərgiz Ehlamqızı