3 İyun 2022 11:38
4 682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 10-12 iyun tarixlərində baş tutacaq 2022-ci il Formula 1 Azərbaycan Qran Prisi zamanı nəqliyyatın hərəkəti ilə bağlı mətbuata açıqlama verib.

Teleqraf.com xəbər verir ki, 6 iyun, gecə 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaq. Hərəkət 14 iyun, səhər saatlarından etibarən bərpa olunacaq.

“Nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq ediləcək. Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsininin keçdiyi ərazidir. Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı üçün “Yaşayış Yerinə Giriş İcazəsi” veriləcək. Bu zonalarda yaşayan və ya əmək fəaliyyəti ilə məşğul olan sürücülər icazəni tam ödənişsiz əldə edə biləcəklər.” – deyə BŞH-nin Milli Mətbuat Katibi Turab Teymurov bildirib. BŞH-nin sözçüsü sürücülərə alternativ yollardan istifadə etmələrini tövsiyə edib.

Vətəndaşlar “Yaşayış Yerinə Giriş İcazəsi” sənədinin paylanma məntəqələrinə yaxınlaşaraq, həftənin bazar ertəsindən cümə gününə kimi, saat 10:00-dan 17:00-dək əldə edə bilərlər. Bunun üçün vətəndaşlar zonalar üzrə aşağıdakı müvafiq idarələrə müraciət etməlidirlər:

Zona 1 – İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

Tel: (012) 492-24-27

Zona 2 – Mənzil-Kommunal və İstismar İdarəsi № 4

Tel: (012) 498 88 06

Zona 3 – Mənzil-Kommunal və İstismar İdarəsi № 58

Tel: (012) 492 41 85

Qeyd edək ki, “Yaşayış Yerinə Giriş İcazəsi”nin paylanması 16 may tarixindən başlayıb və 12 iyunadək davam edəcək.

Hər il olduğu kimi, bu il də 2022-ci il Formula 1 Azərbaycan Qran Prisi müddətində piyadaların hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq. Belə ki, yarış həftəsi ərzində şəhər sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün yarış halqası ərazisində yerləşən daimi yeraltı keçidlər gün boyu açıq olacaq. Piyadalar halqa ətrafında, Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin, Xaqani və Rəşid Behbudov küçələrinin, Azadlıq prospekti ilə Xaqani küçəsinin kəsişməsində müvəqqəti yerüstü keçidlərdən də istifadə edə biləcəklər. Rəşid Behbudov küçəsinin Neftçilər prospekti ilə kəsişməsində salınacaq keçid isə daimi olaraq quraşdırılıb.

Nəqliyyatın hərəkəti ilə bağlı ətraflı məlumatı BŞH-nin rəsmi veb səhifəsindən əldə edə bilərsiniz.


Müəllif: Aysel Azad