Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsində kadr dəyişikliyi həyata keçirilib. Fakültənin dekanı Şamil Vəliyev və dekan müavini Əli Hacıyev tutduqları vəzifədən istefa veriblər.
Şamil Vəliyev Publika.az-a açıqlamasında istefasının səhhəti ilə əlaqədar olduğunu bildirib: “Bu yaxınlarda ağır xəstəlik keçirdim. Xəstəlikdən sonra müalicə olunub işə qayıtdım. Lakin daha yaxşı müalicə olunmaq üçün özümə daha çox vaxt ayırmalıyam. Hər zaman sağlam olmuşam və səhhətimin iş prosesinə təsir etməsini istəmirəm. Buna görə də, vəzifədən uzaqlaşdım. Lakin Mətbuat tarixi kafedrasında fəaliyyətimi davam etdirirəm. Bu barədə rektora məlumat verdik, sağ olsun o da razılaşdı”.
Dekan müavini Ə.Hacıyevin istefasına gəldikdə, Ş.Vəliyev səbəb barədə məlumatsız olduğunu dedi: “Əli müəllimin istefasını sonradan öyrənmişəm. Lakin onun hansı səbəbdən istefa verməsini bilmirəm. Lakin o, Televiziya və radio jurnalistikası kafedrasında fəaliyyətini davam etdirir”.
Televiziya və radio jurnalistikası kafedrasından əldə etdiyimiz məlumata görə, Ə.Hacıyevin də istefa səbəbi ürəyindəki narahatlıqla bağlıdır.
Qeyd edək ki, hazırda fakültədə yeni dekan seçkilərinin keçirilməsinə hazırlıq gedir. Müvəqqəti olaraq dekanlıq vəzifəsinin professor Cahangir Məmmədli icra edir.
***
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev və dekan müavini Əli Hacıyev vəzifələrindən gediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Modern.az saytına BDU-dan məlumat verilib.
Məlumata görə, onlar öz ərizələri tutduqları vəzifələrindən uzaqlaşıblar
Hazırda universitetdə Jurnalistika fakültəsinin dekanı vəzifəsini Cahangir Məmmədli, dekan müavini vəzifəsini isə Könül Niftəliyeva icra edir.