Fövqəladə Hallar Nazirliyinin Akademiyasının “Heydər Əliyev məktəbinin” lektoriyasında 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.
Teleqraf.com xəbər verir ki, əvvəlcə, Akademiyanın həyətində ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyulmuş, dahi rəhbərin əziz xatirəsi ehtiramla yad edilib.
Akademiyanın rəisi general-mayor Pənah Süleymanov qeyd edib ki, Azərbaycan xalqı dərin ictimai-siyasi və iqtisadi böhrandan zəngin idarəçilik təcrübəsinə malik, nüfuzlu dövlət xadimi Heydər Əliyevin yorulmaz fəaliyyəti, müdrik və uzaqgörən siyasəti nəticəsində xilas oldu. Elə buna görə də ulu öndərin siyasi hakimiyyətə yenidən qayıtdığı gün - 1993-cü ilin 15 iyun tarixi haqlı olaraq Milli Qurtuluş Günü adlanır.
Milli Məclisin deputatı, Nizami Cəfərov çıxışında qeyd etmişdir ki, Heydər Əliyevin xilaskarlıq missiyası impulsiv, epizodik hadisə deyildi. Məhz bu missiya Azərbaycanın gələcək tarixinin, xalqın taleyinin müəyyənləşdirilməsində həlledici rol oynadı.
Milli Məclisin deputatı bildirib ki, xalqımızın tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlər sisteminə böyük məhəbbət duyğuları ilə yaşayan ümummilli lider həm də bu dəyərlərin qoruyucusu idi. Bu gün də ulu öndərin siyasi kursunun alternativsiz davamçısı ölkə rəhbəri İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan mədəniyyətinin daha da inkişafı üçün geniş perspektivlər açılıb.
FHN Akademyasının rəis müavini polkovnik Afət Qurbanov da 15 İyun - Milli Qurtuluş gününün tarixi əhəmiyyətindən, ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzsiz yerindən, xalqımızın və dövlətimizin xilası üçün həyata keçirdiyi titanik missiyadan söz açıblar.
İlhamə ƏBÜLFƏT