“Son illər bir sıra beynəlxalq əhəmiyyətli idman oyunlarının ölkəmizdə keçirilməsi sübut edir ki, Azərbaycan nəinki iqtisadi-sosial cəhətdən inkişaf edən, həm də idman sahəsində təkmilləşən bir dövlət kimi dünyanın diqqət mərkəzindədir”.
Bunu Teleqraf.com-a millət vəkili Tahir Rzayev deyib.
Onun sözlərinə görə, yüksək səviyyədə təşkil olunub keçirilən möhtəşəm Birinci Avropa Oyunlarından az müddət sonra milyonlarla insanın diqqətini yenidən Azərbaycana yönəldən "Formula1" qran-pri yarışları deməyə əsas verir ki, artıq ölkəmiz idman yarışlarının mərkəzinə çevrilib.
Millət vəkili qeyd edib ki, beynəlxalq səviyyəli idman yarışları idmançıların mübarizə meydanında olduğu kimi, həm də dövlətlərarası münasibətlərin yaxşılaşması, ölkələrin yaxınlaşması, dostluq və əməkldaşlığın möhkəmlənməsi, dərinləşməsi, dövlətlərin hansı imkanlara və hansı təşkilatçılıq qabiliyyətinə malik olmasını müəyyən etmək baxımıdan çox əhəmiyyətlidir: “Azərbaycan Birinci Avropa Oyunlarının təşkilində elə bir standart tətbiq etdi, elə bir təşkilatçılıq nümunəsi göstərdi ki, bu gün nəinki Avropa, bir çox dünya ölkələri bu standartları tətbiq etməkdə çətinlik çəkirlər. "Formula-1" yarışlarına hazırlıq və onun gedişatı da bu baxımdan diqqət çəkir və sözsüz ki, Azərbaycanın yeni-yeni uğurlar qazanması üçün stimul olacaq”.
Cavad