Milli Məclisin deputatı Qənirə Paşayeva Vyetnamın vitse-prezidenti xanım Dang Thi Ngoc Thinhin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə Azərbaycanla bağlı həqiqətlər barədə danışıb. Qənirə Paşayeva ölkələrimiz arasında münasibətlərin daha da genişləndiyini, Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama dövlət səfərinin əlaqələrin daha da inkişafında mühüm rol oynadığını vurğulayıb.
Vyetnamın vitse-prezidenti Azərbaycanla əməkdaşlığın genişlənməsinə böyük önəm verdiklərini deyib.
Görüşdə Milli Məclisin deputatı Vyetnam nümayəndə heyətinə yüz minlərlə qadın daxil olmaqla, bir milyondan çox azərbaycanlının Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi, onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi barədə məlumat verib. O, Ermənistanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə qayıtmasına imkan vermədiyini diqqətə çatdırıb. Bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın bu addımlarına laqeyd münasibət göstərməməli, buna qarşı etiraz səslərini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz doğma yurdlarına qayıtmaları üçün səylərini artırmalıdırlar.
Milli Məclisin deputatı Vyetnamın vitse-prezidentinə və onun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvlərinə Azərbaycan həqiqətlərini, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, zəbt olunmuş ərazilərimizdə azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini özündə əks etdirən materiallar təqdim edib.