24 İyun 2014 10:42
1 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan kəşfiyyat-təxribat qüvvələri layiqli cavablarını alır və böyük itki verirlər

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Silahlı Qüvvələrimizin hansı vəziyyətdə olmasından asılıdır. Bunun üçün gənc zabitlər kimi Silahlı Qüvvələr sıralarına daxil olmaqla yeni nəfəs və döyüş ruhu gətirməlisiniz. Düşmən hər an hiss etməlidir ki, siz hər zaman onlardan üstünsünüz". Bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı təhsil müəssisələrinin 2014-cü il buraxılışına həsr olunmuş təntənəli mərasimdə bildirib.

Z.Həsənov deyib ki, bu gün bir tarixi həqiqət kimi etiraf edilməlidir ki, ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtması ordu quruculuğu və hərbi təhsil müəssisələrinin yenidən başlanğıcı olub.

Nazir bildirib ki, Heydər Əliyev Azərbaycanda müasir hərbi təhsil sisteminin banisidir və Azərbaycan Ali Hərbi Məktəbinə onun adının verilməsi təsadüfi deyil.

Onun sözlərinə görə, hazırda Azərbaycan hərbi qulluqçularının sosial rifah halının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür. Buna görə nazir Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Z.Həsənov Prezident İlham Əliyevin sözlərini bir daha xatırladaraq qeyd edib ki, Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradıla bilməz: "Atəşkəs rejimi haqqında sənədin imzalanmasına baxmayaraq, hər gün cəbhədə atəş səsləri eşidilir. Ermənistan Respublikasının kəşfiyyat-təxribat qüvvələri mövqelərimizə hücuma cəhd edirlər. Lakin onlar Azərbaycan Ordusu tərəfindən layiqli cavablarını alır və böyük itki verərək geri çəkilirlər".
Müdafiə naziri qeyd edib ki, düşmən növbəti uğurlarının eyforiyası ilə yaşamamalı, bugünkü reallıqla, bölgədəki güc, qüvvə balansı ilə hesablaşmalıdır.

Nazir bildirib ki, biz düşmən tərəfindən zəbt olunmuş torlaqları azad etməliyik və mütləq azad edəcəyik.

Z.Həsənov bu gün övladlarının leytenant rütbəsi alması münasibətilə valideynləri təbrik edib.


Müəllif: