24 İyun 2014 15:54
1 578
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlham Əliyev: “Ermənilər neçə erməni dövləti yaratmağı düşünürlər?”

Avropa Şurası Parlament Assambleyasının yay sessiyasının ikinci günündə – bu dəqiqələrdə Azərbaycan prezidenti İlham Əliyevin çıxışı başa çatıb. Prezident çıxış etməzdən öncə AŞ PA-nın sədri Ann Brassör təmsil etdiyi qurumun Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha təkrar edib. A.Brassör daha sonra “ümid edirəm ki, ölkənizin sədrliyi islahatların sürətləndirilməsinə təkan verəcək” deyərək sözü İlham Əliyevə verib.

İlham Əliyev Azərbaycanda iqtisadi və siyasi islahatların eyni anda həyata keçirildiyini bildirib: “Avropa Şurasına daxil olarkən öhdəliklərin olacağını bilirdik və buna hazır idik. Bunun üçün də, qanunvericiliyimizi yenilədik. Azərbaycanda vicdan azadlığı yüksək səviyyədədir”.

Prezident Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyinin prioritetləri barədə danışıb. Prezident deyib ki, Azərbaycanın sədrliyi multikulturalizmin inkişafını prioritet kimi seçib: “Prioritetlərimiz sırasında beynəlxalq təşkilatların qəbul etdiyi qərarların implemetasiyası da durur. Beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyan qərarlar qəbul edib. Təəssüf ki, bunların heç biri tətbiq olunmur”.

Prezident deyib ki, korrupsiya qarşı mübarizə də ölkəmizin prioritetlərinə daxildir: “Korrupsiya ölkəmizin inkişafına mane olur. İnstitusional islahatlar korrupsiya ilə mübarizəyə yönəlib. Gənclər və təhsil də bizim prioritetlərə daxildir. Bu, radikalizmə qarşı ən yaxşı vasitədir. Azərbaycanda təhsilin səviyyəsi yaxşılaşdırılır”.

İlham Əliyev deyib ki, beynəlxalq ictimaiyyət Azərbaycanın apardığı islahatları dəstəkləyir, Azərbaycanın dünyada nüfuzu artır: “Avropa bizim birinci ticarət tərəfdaşımızdır. Bundan əlavə, Azərbaycan müsəlman ölkəsidir və biz İslam Əməkdaşlıq Təşkilatında aktiv fəaliyyət göstəririk”.
Daha sonra Ermənistanın Azərbaycana təcavüzü barədə danışan prezident Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü pozmasının regional sülhə təhlükə olduğunu vurğulayıb: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Azərbaycan mədəniyyət abidələri orada dağıdılmaqdadır. Dağlıq Qarabağ iyirmi ildən çoxdur ki, erməni ordusu, erməni dəstələri tərəfindən işğal altındadır. Bu, böyük ədalətsizlikdir. Bəzən BMT Təhlükəsizlik Şurası qətnamələrinin bir neçə saat ərzində yerinə yetirildiyini görürük. Bizim halda isə iyirmi ildir ki, qətnamələr yerinə yetirilmir. Azərbaycan iyirmi ildir ki, danışıqlar yolunu tutub. Amma bu, daimi olaraq belə davam edə bilməz. Ermənistanın keçmiş prezidenti ermənilərlə azərbaycanlıların uyğunsuzluğunu deyir. İndiki prezident isə bu münaqişəni dini münaqişə kimi qələmə verir. Azərbaycanlıların heç bir millətlə uyğunsuzluğu yoxdur”.

İlham Əliyev deyib ki, ermənilər bir dəfə öz müqəddəratlarını həll edərək dövlət yaradıblar: “Özü də bu dövlət tarixi Azərbaycan torpaqlarında yaradılıb.

Ermənistan nümayəndə heyəti də bunu bilir. 1918-ci ildə yaradılmış Azərbaycan dövlətinin ilk qərarlarından biri İrəvanı Ermənistana vermək olub. Ermənilər neçə erməni dövləti yaratmağı düşünürlər?”

Hal-hazırda prezident İlham Əliyev AŞ PA deputatlarının suallarını cavablandırır.

Səxavət


Müəllif: