“Hazırda ABŞ-da yaşayan Fətullahçı Terror Təşkilatının (FETÖ) rəhbəri Fətullah Gülənin Türkiyəyə ekstradisiya edilməsi ilə bağlı danışıqlar aparılır”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun iyulun 15-dən 16-a keçən baş verən dövlət çevrilişinə cəhdlə bağlı Bakıda keçirdiyi mətbuat konfransında bildirib.
Səfir deyib ki, 15 iyul hadisələrini törədənlərin kimliyi ortadadır: “Dünyada terrorla birgə mübarizə aparılırsa, bu istiqamətdə Türkiyəyə dəstək verilməlidir. Hazırda bununla bağlı gözləntilərimiz böyükdür. 15 iyul hadisələrinin arxasında terror təşkilatı dayanır, bu, birmənalıdır. Bu terror təşkilatının da başında Fətullah Gülən dayanır. Burada ABŞ-ın mövqeyini gözləyirik”.
İ.A.Coşqun qeyd edib ki, Türkiyədə 15 iyul hadisələrini törədənlər ölkə daxilindən təmizlənir: “Amma onlar xarici dövlətlərdə işlərini davam etdirməyə çalışırlar”.
***
“Türkiyə Cümhuriyyəti içərisində mövcud olan Fətullahçı terror təşkilatına bağlı olan hər bir adam ifşa edilərək cəzalandırılacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun iyulun 15-də baş verən dövlət çevrilişinə cəhdlə bağlı bu gün Bakıda keçirdiyi mətbuat konfransında bildirib.
Səfir deyib ki, 15-16 iyul hadisələri Fətullahçı terror təşkilatının törətdiyi cinayət əməllərinin ən yüksək zirvəsi olub: “Əmin olun ki, Türkiyə Fətullahçı terror təşkilatından tamamilə təmizlənəcək. Bu günə qədər bu terror təşkilatı Türkiyənin inkişafına və vətəndaşların iradəsinə qarşı olub, zaman-zaman təxribatlar, cinayətlər törədiblər. Ona görə də cənab prezident Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, Türkiyə daxilində bir nəfər belə Fətullahçı terror təşkilatına bağlı adam qalmayacaq”.
Alpər Coşqun Fətullahçı terror təşkilatının Azərbaycanda da bağlantılarının olduğunu istisna etməyib: “Əgər Azərbaycan tərəfi müraciət edərsə, Türkiyə olaraq biz Fətullah Gülənin başında dayandığı terror qüvvələrinin bağlantıları ilə bağlı kömək etməyə hazırıq. Bu terror təşkilatı Türkiyədə qardaş qanı axıtdı. Bəzən bu adamları Türkiyə Silahlı Qüvvələri kimi təqdim edirlər. Ancaq bunlar Türkiyə Silahlı Qüvvələri deyildi. Onlar hərbi formada gizlənən Fətullahçı terror təşkilatı, ağlını itirmiş bir mikrob idilər”.
Səfir daha sonra deyib: “Türkiyə əsla istəməz ki, 15 iyul hadisələrinin oxşarı qardaş Azərbaycanda da təkrarlansın. Türkiyə olaraq biz zaman-zaman bu istiqamətdə Azərbaycana məlumat veririk və bu bundan sonra da davam edəcək. İnanıram ki, Azərbaycan da öz növbəsində bu istiqamətdə müvafiq addımlar atacaq. Ona da əmin olun ki, Fətullah Gülənə bağlı qüvvələr Azərbaycana təhdid yaradarsa, Türkiyə olaraq biz qardaş Azərbaycanın yanında olacağıq. Əminəm ki, Azərbaycan Türkiyədə baş verən hadisələrdən özü üçün nəticə çıxararaq, addımar atır”.
***
“Türkiyədə dövlət çevrilişinə cəhd zamanı Azərbaycan dövləti Türkiyə xalqının yanında olduğunu səmimi şəkildə bəyan edib. Mən buna görə Azərbaycan xalqına və Prezident İlham Əliyevə təşəkkür edirəm”.
Teleqraf.com-un məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun iyulun 15-də baş verən dövlət çevrilişinə cəhdlə bağlı bu gün Bakıda keçirdiyi mətbuat konfransında bildirib.
Səfir deyib ki, qardaş Azərbaycan dövləti kimi, digər ölkələr də Türkiyə xalqının yanında olduğunu nümayiş etdirib: “Həmin gecə Fətullahçı terror təşkilatı tərəfindən 80 milyonluq Türkiyə Cümhuriyyəti vətəndaşlarının iradəsinə qarşı xain hücum oldu. Ancaq bu xain hücum uğur qazana bilmədi. Çünki onlara qarşı 80 milyonluq Türkiyə vətəndaşı çıxdı. Həmin vətəndaşlar demokratiya uğrunda və öz iradələrinə sahib çıxmaq üçün meydanlara toplanmışdı. Bu gün heç kim düşünməsin ki, Türkiyə xalqı zəifləyib və sairə. Əksinə, bu gün Türkiyə dövləti və xalqı daha da güclənib və dimdik ayaqda dayanıb”.
***
“Bu gündən etibarən 15 iyul hadisələri ilə əlaqədar Türkiyədə üç aylıq müddətinə fövqəladə vəziyyət elan olunacağı gözlənilir”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun iyulun 15-də baş verən dövlət çevrilişinə cəhdlə bağlı Bakıda keçirdiyi mətbuat konfransında bildirib.
Səfir deyib ki, hazırda Türkiyə Böyük Millət Məclisinin bu məsələ ilə bağlı toplantısı davam edir: “Bu toplantıda Türkiyədə fövqəladə vəziyyətin elan olunması ilə bağlı qərar qəbul edilməsi gözlənilir. Fövqəladə vəziyyətin 3 ay davam etməsi nəzərdə tutulur. Bizim əsas məqsədimiz Türkiyənin Konstitusiyasını və demokratiyasını qorumaqdır.
Bilirsiniz ki, terrorçular Türkiyə parlamentini belə bombalamaqdan çəkinməyiblər. Bu xain təşəbbüsün memarı Fətullah Güləndir. Xain hücumun əsl səbəbi Türkiyədə xaos yaratmaq, ölkədə yaşayan insanları təhdid altında saxlamaqdır. Bütün bunları müzakirə etmək üçün Türkiyə parlamenti üzvləri toplanıb”.
Səxavət