22 İyul 2016 17:03
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan jurnalistikası Prezident İlham Əliyevin xidmətlərini yüksək qiymətləndirməklə yanaşı, əməli şəkildə onun çağırışlarına dəstək verir".

Bunu Azərbaycan milli mətbuatının 141-ci ildönümü ilə bağlı keçirilən tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Azərbaycan milli mətbuatının 141 yaşı tamam olması münasibətilə bütün media nümayəndələrini, jurnalistləri təbrik edən Ə.Həsənov bildirib ki, mürəkkəb, lakin şərəfli inkişaf yolu keçmiş milli mətbuatımızın xalqımızın maariflənməsində, milli dəyərlərin təbliğində oynadığı mühüm rol, cəmiyyətimizin, milli dövlətçiliyimizin inkişafına verdiyi əvəzsiz töhfələr bu gün onun şanlı tarixi haqqında fəxrlə danışmağa tam əsas yaradır.

Milli mətbuatımızın tarixi haqqında danışan PA rəsmisi əlavə edib ki, 1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas-alim, maarifçi və publisist Həsən bəy Zərdabi «Əkinçi» qəzetinin ilk nömrəsini nəşr etdirməklə Azərbaycan milli mətbuatının əsasını qoydu.

Ə.Həsənov hesab edir ki, XlX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində Azərbaycan ictimai fikrinə inqilabi yeniliklər gətirən, insanların dünyagörüşünü dəyişərək xalqı yeni tarix yaratmağa istiqamətləndirən Azərbaycan milli mətbuatı xalqımızın azadlıq arzularının gerçəkləşməsində böyük rol oynadı. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra milli mətbuatımız azadlıq ideyalarının inkişaf etdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi prosesinin fəal iştirakçısına çevrildi: “Buna görə də Azərbaycan milli mətbuatı deyəndə göz önünə sözün gücü ilə xalqı düşündürməyi bacaran, onu qəhrəmanlıq salnaməsi yaradaraq firavan gələcək qurmağa sövq edən, bu gün də Həsən bəy Zərdabidən başlayaraq adları böyük hörmətlə xatırlanan tanınmış ziyalılarımız, maarifçilərimiz, onların tribunasına çevrilmiş qəzet və jurnal nüsxələri gəlir. Məhz bu səbəbdən biz tarix yaratmış o böyük şəxsiyyətlərin xatirəsini həmişə uca tutur və ehtiram göstəririk”.

Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra mətbuatın inkişafına daim diqqət göstərdiyini deyən Ə.Həsənov məhz Heydər Əliyev tərəfindən “Əkinçi” qəzetinin nəşr olunmağa başladığı 22 iyulun Azərbaycanda Milli Mətbuat Günü elan edildiyini xatırladıb: “Heydər Əliyev söz və məlumat azadlığını, fikir plüralizmini Azərbaycanda Konstitusiya normasına çevirdi, 1992-ci ildə tətbiq olunmuş və milli mətbuatın inkişafı yolunda ciddi maneəyə çevrilmiş senzuranı 1998-ci ildə aradan qaldırdı. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu və Azərbaycan dövləti mətbuat üzərində dövlət nəzarətindən imtina etdi. Məhz ümummilli liderin siyasi iradəsi və böyük səyləri nəticəsində Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən demokratik qanunvericilik bazası yaradıldı, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyuldu”.

Ə.Həsənovun sözlərinə görə, Heydər Əliyev milli mətbuatımızın inkişafına hərtərəfli dövlət dəstəyini vacib şərt hesab edirdi. Buna görə də 1998-ci ilin sonunda qəzet redaksiyaları əlavə dəyər vergisindən azad edildi, 2001-ci ildə qəzet kağızına gömrük rüsumları ləğv olundu, 2002-ci ildə KİV sahəsində layihələrin maliyyələşdirilməsi üçün büdcədən xüsusi vəsait ayrıldı, 2003-cü ildə qəzetlərin “Azərbaycan” nəşriyyatına borcları 3 il müddətinə donduruldu, 2005-ci ildə isə həmin vəsaitin dövlət büdcəsi hesabına ödənilməsi barədə sərəncam imzalandı: “Heydər Əliyevi mətbuata sevdirən ən başlıca səbəblərdən biri də ulu öndərin həmişə jurnalistlərlə yaxın təmas qurması, onların problemlərinə həssas münasibəti və hər bir halda çətinliklərin aradan qaldırılmasına çevik reaksiyası olub. Bu gün Azərbaycanda əsası Heydər Əliyevin tərəfindən qoyulmuş media siyasəti və ənənələri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Ə.Həsənov əlavə edib ki, ölkədə müstəqil, güclü, obyektiv informasiya daşıyıcısı olan, eyni zamanda dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən, milli maraqların təəssübkeşi olan, Azərbaycanın haqq səsini qlobal informasiya məkanında müdafiə etməyi bacaran KİV-lərin formalaşması və inkişafı Prezident İlham Əliyevin media siyasətinin fəlsəfəsini təşkil edir: “Nəzərə almalıyıq ki, qlobal şəbəkənin genişləndiyi, milli informasiya məkanlarının sərhədlərinin silindiyi, informasiya axını üzərində transmilli resurslarının monopoliyasının gücləndiyi bir dövrdə bu vəzifələrin icrası öz müstəqilliyini, identikliyini, milli-mənəvi dəyərlərini, tarixi ənənələrini qoruyub saxlamağa çalışan hər bir dövlət və xalq üçün həyati vacib məsələdir.

2003-cü ildən başlayaraq elektron KİV-lərin fəaliyyəti sahəsində əsaslı islahatların həyata keçirilməsi, “İnformasiya əldə etmək haqqında” Qanunun qəbul edilməsi və medianın fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi, KİV-lərin inkişafına dövlət dəstəyinin daha da genişləndirilməsi və həyata keçirilən digər çoxsaylı tədbirlər Azərbaycan Prezidentinin siyasi iradəsinin təzahürüdür”.

PA rəsmisi deyib ki, 2009-cu ildən ötən dövr ərzində Azərbaycan dövlət büdcəsindən KİV layihələrinin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 40 milyon manata yaxın vəsait ayrılıb. Bundan başqa, Azərbaycan Prezidentinin sərəncamları ilə KİV-lərin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 2005, 2008 və 2016-cı illərdə redaksiyalara milyonlarla manat vəsait verilib: “Azərbaycan bəlkə də dünyada yeganə ölkədir ki, jurnalistlər dövlət hesabına mənzillərlə təmin edilir. Bilirsiniz ki, 2013-cü ildə jurnalistlərə 156 mənzil verilib, cari ilin sonuna isə daha 256 mənzilin jurnalistlər arasında bölüşdürülməsi məsələsinə baxılacaqdır. Ümid edirik ki, bu, hələ son deyildir”.

Ə.Həsənov bildirib ki, Azərbaycan jurnalistikası Prezident İlham Əliyevin xidmətlərini yüksək qiymətləndirməklə yanaşı, əməli şəkildə onun çağırışlarına dəstək verir: “Təsadüfi deyil ki, ölkə jurnalistləri 2010-cu və 2013-cü illərdə İlham Əliyevi “Jurnalistlərin dostu” seçmişlər. Bundan başqa, bu gün aparıcı media qurumlarımız peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edərək Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında önəmli rol oynayırlar. Regionumuzda və dünyada baş verən hadisələrə və proseslərə nəzər salarkən olduqca ziyanlı təzahürlərin daha geniş vüsət aldığını görməmək mümkün deyil”. ("Trend")


Müəllif:

Oxşar xəbərlər