“Biz bu səfərə çox böyük əhəmiyyət veririk. İnanırıq ki, bu səfər və imzalanan sənədlər münasibətlərin gələcək inkişafını təmin edəcək”.
APA-nın məlumatına görə, bunu Azərbaycanda rəsmi səfərdə olan İran prezidenti Həsən Ruhani ilə görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, xalqlarımız əsrlərdir, qonşuluq və mehribanlıq şəraitində yaşayır: “Artıq 25 ilə yaxındır ki, iki dövlətin əlaqələri uğurla inkişaf edir. Son bir neçə ildə əlaqələrin inkişafında çox böyük irəliləyiş var. Qarşılıqlı rəsmi səfərlər də bu sahədə önəmli addımlardandır. Əlaqələr çox sürətlə inkişaf edir və yaxşı nəticələr var. Mənim İrana rəsmi səfərim çərçivəsində 10 sənəd, 6 ay sonra - indi isə 6 sənəd imzalanıb. İranda imzalanmış sənədlərin icrası təmin edilib. Bu gün təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşlər çox konstruktiv oldu. Əldə edilən razılaşmaların münasibətləri daha da inkişaf etdirəcəyinə inanıram”.