"Azərbaycanla əməkdaşlıq strateji tərəfdaşlıq xarakteri alıb. Bu isə əlaqələrin şaxələndirilməsi üçün çox vacibdir".
Bu sözləri Rusiya prezidenti Vladimir Putin Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.
Onun sözlərinə görə, Rusiya və Azərbaycan həcmi dollar ifadəsində azalan ticarət dövriyyəsinin artırılması yollarını tapa bilər.
V.Putin bu azalmanın səbəbləri kimi dünya iqtisadiyyatında və ölkələrin iqtisadiyyatındakı böhranı, ölkələrin ənənəvi ixrac mallarının qiymətinin aşağı düşməsini, bununla əlaqədar olaraq valyuta məzənnələrindəki problemi göstərib.
"Fiziki həcmləri biz yenə saxlayırıq. Amma bizim perspektiv vəd edən yaxşı layihələrimiz var. Özü də söhbət təkcə energetika sahəsindəki layihələrdən yox, digər sahələrdəki mümkün ideyalardan gedir", - deyə Rusiya prezidenti bildirib.
V.Putin qeyd edib ki, 600-ə yaxın Rusiya şirkəti Azərbaycanda fəaliyyət göstərir, birbaşa investisiyaların həcmi isə təqribən 1,5 milyard dollar təşkil edir.
"Xəzər dənizində əməkdaşlığımız, o cümlədən hərbi əməkdaşlıq davam edir", - deyə, o vurğulayıb. ("Report")
***
Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə Dağlıq Qarabağ nizamlanmasındakı fəal iştiraka görə təşəkkür edib.
İlham Əliyev Rusiyanın münaqişənin həllindəki rolunu xüsusi vurğulayıb.
O xatırladıb ki, iyunda Sankt-Peterburqda keçirilən görüş bu mövzuya həsr olunub: “Bu prosesdə fəal iştirak etdiyinə görə sizə minnətdaram”.
İlham Əliyev bildirib ki, Azərbaycan və Rusiya prezidentlərinin mütamadi görüşləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ikitərəfli münasibətlərin inkişafına yeni impuls verir: “Beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edirik, siyasi dialoq, iqtisadi əlaqələr möhkəmlənir”.
O həmçinin qeyd edib ki, yeni format olan Rusiya, Azərbaycan və İran liderlərinin üçtərəfli görüşü regionda ölkələrin iqtisadi əməkdaşlığının inkişafına və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək. ("APA")
***
"Rusiya çalışacaq ki, Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin kompromisli və tərəflər üçün məqbul həll variantını tapsın".
Bu sözləri Rusiya prezidenti Vladimir Putin bu gün Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə deyib.
O bu problemin Azərbaycan və Ermənistan üçün nə qədər ağrılı məsələ olduğunu anladığını bildirib: "Biz çalışacağıq ki, hər iki ölkə kompromisli, lakin hər ikisi üçün məqbul olan həll yolunu tapsın. Bu məsələnin həllində qalib iki ölkənin xalqı olsun, hər iki ölkə hiss eləsin ki, bu çətin məsələni bu günün və gələcək nəslin maraqları çərçivəsində həll edib”.
Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur. (APA)
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.
Dövlət başçıları görüşdə çıxış ediblər.
***
Rusiya Prezidenti Vladimir Putin bu gün Azərbaycana Respublikasına səfərə gəlib.
Teleqraf.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Vladimir Putini hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.