Ermənistan KİV-ləri İsrail Knessetinin guya qondarma “erməni soyqırımı”nı tanıması barədə məlumat yayaraq, arzu olunanı həqiqət kimi qələmə verməyə çalışıblar. Bir neçə gün əvvəl bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail nümayəndəliyinin direktoru, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut “Ermənistan mətbuatında antisemit ruhlu növbəti məqalə - bu dəfə yəhudilərin günahı nədir?” sərlövhəli məqaləsində yazıb. Məqalə İsrailin “Zamanın çağırışları” analitik informasiya portalında yerləşdirilib: (http://isp-ngo.com/?p=6497).
Arye Qutun məqaləsində deyilir ki, Ermənistan KİV-ləri qondarma “erməni soyqırımı”nı İsrail deputatları əvəzinə tanımaqla, ictimaiyyəti növbəti dəfə aldadıblar.
“Armenian Report”un yazdığına görə, “vəziyyətin sağlam düşüncə ilə təhlili” göstərir ki, yəhudi dövləti bu “dəhşətli cinayəti” rəsmən tanıyan otuzdan çox dövlətə bu dəfə də qoşulmayacaq. Məqalə müəllifi Tevos Arşakyan daha sonra qeyd edir ki, Knessetin Təhsil, mədəniyyət və idman komitəsinin tarixi ədalətə nail olmaq cəhdini İsrail parlamentinin qalan üzvlərinin dəstəkləməyəcəyi tamamilə aydındır.
Azərbaycan-İsrail münasibətlərinin yaxınlığının daha bir müəyyənedici amil olduğunu vurğulayan erməni jurnalisti yazır: “İsrail ilə Azərbaycan arasında hərbi-texniki sahədə çoxmilyardlı müqavilələri nəzərə alan israillilər Rusiyadan tam asılı vəziyyətdə olan və ancaq Rusiya silahları alan Ermənistan naminə Bakı ilə münasibətləri korlamayacaqlar”.
Arye Qut yazır: “Antisemitizmin və şovinizmin əsas rol oynadığı Ermənistan cəmiyyətinin ovqatının aydın təcəssümü olan Arşakyan qeyd edir ki, “israillilərin tarixi xudbinliyi eynilə Holokost kimi bütöv bir xalqın fəlakətinə çevrilən “erməni soyqırımı”nı onların tanımasına imkan verməyəcək. Bir çox israillilər öz ölkəsinin rəsmi mövqeyinə qarşı mübarizə aparmaq və “erməni soyqırı”mı faktının İsrail tərəfindən tanınmamasını pisləmək əvəzinə iddia edirlər ki, bəşəriyyət tarixində Holokostdan başqa heç bir soyqırımı olmayıb”. Mən israillilərin tarixi xudbinliyi haqqında erməni jurnalistinin bu sətirlərini oxuyanda ona xatırlatmaq istədim ki, Holokost yəhudi xalqının yaddaşı üçün dəhşətli və dözülməz bir sözdür. Bu söz dərd-kədər, həqarət, təhqir, vəhşilik, barbarlıq, quduzlaşmış və azğınlaşmış faşist rejimi tərəfindən yəhudi xalqının məhv edilməsi deməkdir. 1915-ci ildə “Böyük Ermənistan” xülyası ilə yaşayan və buna ümid bəsləyən, bu məqsədlə türklərə qarşı mübarizədə çar Rusiyasını dəstəkləyən Osmanlı İmperiyası ermənilərindən fərqli olaraq, yəhudilər təkcə yəhudi olduqları üçün soyqırımının qurbanı olublar. Erməni jurnalisti Arşakyanın “israillilərin milli xudbinliyi” haqqında antisemit baxışlarını çox yaxşı başa düşürəm. Axı ermənilər antisemit əhval-ruhiyyəyə görə əbəs yerə postsovet məkanında birinci yeri tutmurlar. 2014-cü ilin iyununda Antidiffamasiya Liqasının sorğusu göstərib ki, Ermənistanda antisemitizmin səviyyəsi (58 faiz) miqyasına görə bütün Avropada üçüncü, postsovet məkanında və Şərqi Avropa ölkələri arasında ən yüksək olub. Beləliklə, Ermənistanın 2,2 milyon əhalisinin təqribən 1,3 milyonu antisemit əhval-ruhiyyəlidir. Ermənistanda antisemitizmin belə yüksək səviyyəsini Yaxın Şərqdə ərəb ölkələrinin İsrailə düşmən münasibəti ilə müqayisə etmək olar”.
İsrailli ekspert vurğulayır: hamıya yaxşı məlumdur ki, Ermənistan ən monoetnik ölkədir, burada şovinizm, millətçilik, habelə faşistlərin və antisemitlərin tərifinin göylərə qaldırılması Sarkisyan rejiminin dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Vurğulamaq lazımdır ki, bu qaniçən faşistlərə pərəstiş hansısa marginal siyasi qruplaşmaların gücü ilə yaradılmır, bu hərəkətlərin arxasında dövlət, daha dəqiq desək, müasir Ermənistan Respublikasının rəhbərliyi dayanır. General Njdenin abidəsinin açılış mərasimində Ermənistan Prezidenti Serj Sarkisyanın və müdafiə naziri Seyran Ohanyanın iştirak etmələri faktı təsdiq edir ki, onlar özlərini erməni faşisti və antisemit Njdenin həqiqi və əsl varisləri hesab edirlər.
Davam edək – Arşakyan yazır: “Azərbaycanı təpədən-dırnağadək silahlandıran bir dövlətin “soyqırımı”nı tanıması bizə lazımdırmı? Məgər aydın deyilmi ki, bu ilin aprelində ermənilərə qarşı tətbiq edilən silahlar Rusiya və İsrail istehsalıdır?”
Burada susa bilmərəm və cavab verməyə borcluyam. Arşakyan ümumiyyətlə Azərbaycanın nəyin naminə və nə üçün silahlanması barədə düşünübmü? Bəlkə unudub ki, məhz onun ölkəsi beynəlxalq hüququn bütün normalarını tapdalayaraq, Azərbaycana təcavüz edib və onun ərazisinin 20 faizinin işğalını davam etdirir. Ermənistan bu təcavüz nəticəsində həmin ərazidə etnik təmizləmə siyasəti aparıb, Xocalıda qanlı qırğın, soyqırımı aktı törədib.
A.Qut yazır: “Əgər erməni jurnalisti bilmirsə, mən ona xatırladaram ki, Avrasiya ərazisində heç bir ölkənin
İsraillə Azərbaycan Respublikası qədər yaxın və mehriban münasibətləri yoxdur. Heç şübhəsiz, İsrail-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. İsrail Azərbaycana həmişə böyük diqqət və səmimiyyətlə yanaşıb. Rəsmi Bakı başqa ölkələrdə də antisemitizmin hər hansı təzahürünü dəfələrlə pisləyib və pisləməkdə davam edir. İsrail dünya bazarında Azərbaycan neftinin əsas alıcılarından biridir. Azərbaycanın kənd təsərrüfatı, hərbi sənaye, telekommunikasiyalar sahələrində müasir yüksək İsrail texnologiyalarına ehtiyacı var və bu siyahını genişləndirmək olar. Eyni zamanda ölkələrimiz təhsil, humanitar və mədəni layihələri önə çəkirlər”.
Ekspertin sözlərinə görə, Arşakyan başa düşməlidir ki, Azərbaycan ilə İsrail dost və tərəfdaşlarını özləri seçirlər, hərbi-texniki sahədə strateji əməkdaşlığın səviyyəsini də özləri müəyyən edirlər. A.Qut vurğulayır: “Azərbaycan Ermənistanın ərazisində üçüncü dövlətin bazasının olub-olmadığını və həmin ölkənin Ermənistan Respublikasına nə kimi hərbi yardım göstərdiyini soruşmur. Rusiya və İsrailin istehsalı olub “bu ilin aprelində erməniləri öldürən” silahlara gəlincə, Tevos Arşakyan özünə belə bir sual verməlidir: erməni əsgəri Azərbaycan torpağında nə edir? Nə üçün erməni əsgərləri öz şəhərlərinə qayıtmırlar? Həqiqətən də Ermənistanda bir o qədər adam qalmayıb və işğal edilmiş Azərbaycan ərazilərində olanlar üçün orada yetərincə yer var. Rəsmi Bakı dəfələrlə bildirib və Ermənistanı xəbərdar edib ki, mövcud status-kvo ilə heç vaxt razılaşmayacaq. Ermənistanın hərbi provokasiyaları nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı ermənilərin diversiyasının qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə sərt və qətiyyətli cavab tədbirləri haqqında qərar qəbul edib. Azərbaycan ordusu ölkə vətəndaşlarının və öz mövqelərinin təhlükəsizliyini müdafiə etmək üçün Ermənistan silahlı qüvvələrinə lazımi sarsıdıcı zərbələr endirib və onları geri çəkilməyə məcbur edib. Bugünkü Azərbaycan daha 1990-cı illərin Azərbaycanı deyil, bu gün Azərbaycan Cənubi Qafqazda ən güclü və qüdrətli ordusu olan və öz qüdrətini nümayiş etdirmək üçün həqiqət anını gözləyən bir ölkədir”.
Tevos Arşakyan antisemit və antiisrail əhval-ruhiyyəsində daha da irəli gedərək qəzəb və nifrətlə bəyan edir: “Yəhudilərin vicdanının sonunda oyanacağı və onların “ermənilərin soyqırımı”nı tanıyacağı barədə güclü xülyalara qapılmayın. Soyqırımı hüququnu inhisarlaşdırmış və başqasının qanı bahasına qazanc əldə etməyi sevən bir xalqın çətin ki, vicdan və ədalət kimi hissləri olsun”.
A.Qut yazır: “Əgər söhbət vicdandan gedirsə, onda Arşakyan üzünü öz ölkəsinin rəhbərlərinə - Xocalıda qanlı soyqırımı aktının ideoloqları, təşkilatçıları və icraçıları olan Sarkisyana və Ohanyana tutmalıdır. Onun yaşadığı müasir Ermənistanın indiki rəhbərləri Azərbaycanın Xocalı şəhərini bir gecədə yer üzündən sildikləri halda biz yəhudilərə və israillilərə sizmi vicdan və ədalət dərsi keçəcəksiniz? Erməni silahlı birləşmələrinin vəhşiliyi nəticəsində 613 adam qətlə yetirilib, 487 adam əlil olub, 1275 dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir düşərək görünməmiş işgəncələrə, təhqirlərə və həqarətlərə məruz qalıblar. Xocalı şəhərinin mülki əhalisinin qəsdən və kütləvi şəkildə məhv edilməsinin yeganə səbəbi bu idi ki, onların hamısı azərbaycanlılar idi. Tevos Arşakyan, əgər bizə vicdan dərsi keçirsinizsə, vurğulamağa borcluyam ki, Xocalıda günahsız uşaqlara, qadınlara və qocalara münasibətdə amansız qəddarlıq heç bir izaha gəlmir. Bu gün Ermənistanda yüksək vəzifələr tutan adamlar – Seyran Ohanyan, Serj Sarkisyan, habelə Robert Koçaryan və bu soyqırımı aktının digər günahkarları beynəlxalq məhkəmə qarşısında durmalıdırlar. Cinayət cəzasız qalmamalıdır. Onda bəs nə üçün siz, cənab Arşakyan, öz rəhbərlərinizi vicdanlı və ədalətli olmağa çağırmışınız?”
Ekspert vurğulayır ki, yəhudilər Holokost barəsində öz hüququnu heç vaxt inhisarlaşdırmayıblar. Lakin bu bir reallıqdır ki, Avropa yəhudilərinin məhv edilməsi və soyqırımı faktını - Holokostu bütün beynəlxalq strukturlar və dünyanın əksər ölkələri tanıyıblar, 1915-ci ildə Osmanlı İmperiyasında faciəli hadisələri isə 20-dən çox ölkə, özü də dünya erməni lobbisinin böyük və dözülməz təzyiqi altında qəbul edib.
A.Qut yazır: “Avropada həqarətə uğramış, təhqir edilmiş, Osvensimin, Soliborun, Dahaunun sobalarında diri-diri yandırılmış Avropa yəhudilərinin taleyini Osmanlı İmperiyası ərazisində “Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan erməni separatçılarının taleyi ilə müqayisə etmək olmaz. Bir neçə il əvvəl Yerevandakı Yazıçılar Evinin zalında Romen Yepiskopyanın erməni və rus dillərində nəşr olunmuş “Milli sistem” kitabının təqdimatı olub. Bu kitab bir növ milli sistem formalaşdırmağa kömək edən vasitə kimi düşünülüb. Məsələn, kitabda türklər “qatil millət”, yəhudilər “təxribatçı millət” adlandırılıb. Romen Yepiskopyan kitabın fəsillərindən birində dəlilsiz-sübutsuz yazır k, guya “XX əsrin ən böyük saxtalaşdırılması bundan ibarətdir ki, Holokost mifdir”.
Tevos Arşakyan, əgər siz bizə vicdan və ədalət dərsi keçirsinizsə, onda öz dövlətinizin başçısından soruşun ki, hansı vicdanla Yerevanın mərkəzində, mərkəzi meydanlardan birində erməni faşisti və antisemit, faşist vermaxtının tərkibində erməni legionu yaradan general Njdeyə abidə qoyur. Tarix və yəhudi xalqı İkinci Dünya müharibəsi illərində vermaxtın tərkibindəki 20 minlik erməni legionunun qəddarlığını heç vaxt unutmayacaq. Arxiv sənədləri ilə təsdiq olunmuş tarixi faktlar var. General Njdenin başçılıq etdiyi erməni legionunun məqsədi yəhudiləri və alman ordusuna yararsız olan digər insanları məhv etmək olub. Njde minlərlə yəhudinin məhvində şəxsən iştirak edib. Simferopol, Yevpatoriya, Aluşta, Kerç və Feodosiya, habelə Qərbi Krımın digər rayonları məhz erməni legionu sayəsində yəhudilərdən tam təmizlənib. Məgər bundan sonra biz erməni faşisti və antisemitinin müasir Ermənistanda milli qəhrəman dərəcəsinə yüksəldilməsinə laqeyd baxa bilərik? Siz isə bizə vicdan, əxlaq və ədalət dərsi keçirsiniz.
Tevos Arşakyan xalqımı ittiham edir ki, o, başqasının qanı bahasına qazanmağı sevir və çətin ki, onun vicdan və ədalət hissi olsun? Bütün bunlardan sonra Ermənistanın bəzi “yəhudi” liderləri mənə sübut etməyə çalışacaqlar ki, bu ölkədə antisemitizm yoxdur. Bu yerdə tanınmış alim Moşe Bekkerin bu fikri ilə razılaşmamaq olmur: ermənilər barışa bilmirlər ki, Avropa yəhudilərinin fəlakətini bütün dünya tanıyıb, amma qondarma “erməni soyqırımı” ilə bağlı daim problemlər yaranır. Ermənistanda antisemitizm və ksenofobiya mif deyildir, eynilə ermənilərin türklərin, semitlərin və digər xalqların nümayəndələri üzərində irqi üstünlüyü ideyası kimi kədərli reallıqdır. Bax buna görə müasir Ermənistan, demək olar, monoetnik dövlətdir, burada yəhudilər daim azalmaqda olan mikroskopik azlıqdır və yaxın gələcəkdə bu ölkənin etnik xəritəsindən sadəcə silinəcək”.
Müəllif yazır ki, belə olan halda Ermənistanın yəhudi əhalisinin çoxunun ya bu ölkədən qaçıb getməsi, ya da diqqəti çox cəlb etməmək üçün ermənilərlə nikaha daxil olması çətin ki təəccüb doğursun. Müəllif qeyd edir: “Təəssüf ki, Ermənistan hökuməti ölkədə artmaqda olan antisemitizmi cilovlamaq üçün, demək olar, heç bir iş görmür. Elə Arşakyanın başdan-başa antisemitizm və antiisrail ruhunda olan bu məqaləsi də bir daha sübut edir ki, antisemitizm və şovinizm müasir Ermənistanın sərt reallığıdır. Yəhudilərə əxlaq və vicdan barədə öyüd-nəsihət verilməsi Ermənistan mətbuatında artıq müntəzəm xarakter alıb və bu da nasizm mühitini xatırladır. Ermənistan antisemitizm, millətçilik və şovinizm siyasəti yeritdikcə, öz iqtisadi və siyasi problemlərində başqalarını ittiham etdikcə, bu ölkədə yaşayan bir neçə yüz yəhudi əzab çəkməyə davam edəcək.
Arye Qut fikrini belə yekunlaşdırıb: “İndi isə multikulturalizmin və tolerantlığın həyat tərzinə və dövlət siyasətinə çevrildiyi Azərbaycan Respublikasına baxın. Azərbaycan Prezidenti İlham Əliyev daim bəyan edir ki, biz çoxmillətli və çoxkonfessiyalı ölkədə yaşamağımızla, bir çox xalqların və millətlərin nümayəndələrinin Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşamaları ilə qürur duyuruq. Biz əslən Azərbaycandan olan yəhudilərlə fəxr edirik.
Ermənistan ilə ağır və qanlı ərazi münaqişəsinə baxmayaraq, Azərbaycan Cənubi Qafqazın şəksiz regional lideri, əsl sivilizasiyalararası və konfessiyalararası dialoq örnəyidir. Tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin mühüm əsaslarıdır. Bu baxımdan Azərbaycan İslam dünyasının inkişaf mayakı və iqtisadiyyatı yüksək sürətlə inkişaf edən, Qərb praqmatizminin Şərq qonaqpərvərliyi və ənənələri ilə sıx çulğalaşdığı unikal dünyəvi ölkədir. Azərbaycan bir çox dinlərin və xalqların nümayəndələrinin vətəni olub və indi də belədir.
İnsanların təkcə eyni dinin başqa bir cərəyanına məxsus olmaları səbəbindən məhv edildiyi bu zalım və qanlı-qadalı dünyamızda biz İsraildə müasir, sivil və güclü, İslam dünyası ölkələrinin çoxuna bir növ tərəqqi və inkişaf mayakı olan Azərbaycanın həqiqi və keyfiyyətli nümunəsini müşahidə edir və dəyərləndiririk”.