Azərbaycanın Batumidəki Baş konsulluğu azərbaycanlı turistlərin Batumidə aldadılması ilə bağlı yaranan vəziyyətə aydınlıq gətirib.
Azərbaycanın Batumidəki baş konsulu Rəşad İsmayılov bildirib ki, həmin turistlərə lazımi köməklik göstərilib: “Bu gün həmin turistlər Batumidəki Baş konsulluğa müraciət ediblər. Baş konsulluq və şəxsən mənim müdaxiləmdən sonra turistlərin pasportları geri qaytarılıb”.
Onun sözlərinə görə, Bakıda fəaliyyət göstərən turizm şirkətlərindən birinin Batumiyə apardığı 50-yə yaxın turisti yolda qoyması xəbəri konsulluğa daxil olan kimi baş konsulluq bununla bağlı tədbir görüb: “Sözügeden şirkət turistləri yerləşdirdiyi otelin ödənişini etmədiyinə görə, onların pasportları otel tərəfindən götürülüb. Baş konsulluq və şəxsən mənim müdaxiləmdən sonra turistlərin pasportları geri qaytarılıb. Çox güman ki, təsdiq olunduğu halda, adıçəkilən turizm şirkəti törətdiyi əmələ görə məsuliyyət daşıyacaq. Bu isə artıq hüquq-mühafizə orqanlarının işidir. Baş konsulluq səlahiyyəti daxilində zərərçəkmiş azərbaycanlı turistlərin hüquq və müdafiəsi üçün lazmi tədbirləri həyata keçirib”.
Baş konsul eyni zamanda, turistlərin kazinoya aparılmasına da münasibət bildirib: ”Turistlərin yazdığı ərizədə bu barədə heç nə qeyd olunmayıb".
Qeyd edək ki, Bakıda fəaliyyət göstərən turizm şirkətlərindən birinin əməkdaşları Batumidə otel və turistləri aparan avtobus üçün ödənilməli olan pulu kazinoda uduzublar və nəticədə turistlər çətin vəziyyətdə qalıb. ("Trend")