12 Avqust 2016 15:03
1 708
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Konstitusiyasında ölkə vətəndaşının birləşmək hüququ təsbit olunub. “Siyasi partiyalar haqqında” qanunda da 18 yaşı tamam olmuş, passiv seçki hüququ olan vətəndaşın istənilən siyasi partiyanı seçməkdə sərbəst olduğu, orada siyasi fəaliyyət göstərməsi birbaşa öz əksini tapıb. Bundan əlavə hər bir partiyanın özünün məramnamə və nizamnaməsi var.

Əgər kimsə o məramnamə və nizamnaməni oxuyub qəbul edirsə, o partiyanın, onun rəhbərinin gördüyü işləri qiymətləndirib ora üzv olmaq istəyirsə, ilk növbədə yerli rayon təşkilatına müraciət edir. Yerli rayon təşkilatı da onun ərizəsinə baxır, üzvlüyə qəbul edib-etməmək barədə qərar qəbul edir. Əgər qərar qəbul edilmirsə, yəni, həmin şəxs partiyaya qəbul olunmursa, o zaman bununla bağlı mərkəzi qərargaha müraciət edilə bilər. Ərizə qəbul olunursa, həmin şəxsin sənədləri təsdiq olunur və müəyyən müddətdən sonra partiya bileti hazırlanaraq verilir. Yəni, prosedur qaydası belədir”.

Bunu Teleqraf.com-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov şair Salam Sarvanın hakim partiyaya üzv olmaq niyyətini şərh edərkən deyib.
S.Novruzov qeyd edib ki, YAP üzvlük məsələsində ərazi prinsipini əsas götürür:

“Salam Sarvan da hansı rayonun ərazisində yaşayırsa, həmin rayon üzrə Yeni Azərbaycan Partiyasının yerli təşkilatına müraciət edə bilər. O ərazi prinsipinə uyğun olaraq müraciət edə və bununla da bağlı rayon təşkilatı öz qərarını verə bilər”.

S.Novruzov sözügedən şəxsin partiyaya daxil olub-olmayacağı məsələsində konkret fikir söyləməyib: “Bu, mənim səlahiyyətimə daxil deyil. Bilirsiniz ki, müraciət olunur, rayon təşkilatı araşdırır, baxır və qərarı da rayon təşkilatı çıxarır. Əgər rayon təşkilatı hər hansı qeyri-obyektiv qərar çıxarsa, o zaman biz bu məsələyə müdaxilə edirik. Qalan hallarda sadə prosedurdur”.

Bəs, adıçəkilən şəxsin YAP-a üzvlüyündə hər hansı problem ola bilərmi? S.Novruzov bu suala cavab olaraq deyib: “Vallah, mən özüm onu çoxdandır ki, tanıyıram. Gənclik dövrlərində bəzi yazılarını da oxumuşdum. Sonrakı fəaliyyəti ilə bağlı hər hansı məlumatım yoxdur. Ona görə də bir söz deyə bilmərəm”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər