12 Avqust 2016 17:54
1 989
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində isti hava şəraiti davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.

Bildirilib ki, Azərbaycan ərazisində avqustun 15-dək anormal isti hava şəraiti davam edəcək, maksimal temperatur 43 dərəcə olacaq. Nazirlik tibbi-meteoroloji vəziyyətlə də bağlı xəbərdarlıq edib: “Diskomfort şərait əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə çox əlverişsizdir. Uzun müddət açıq havada olmaq məsləhət deyil”.

51 nəfəri gün vurub...

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini İradə Əliyeva deyir ki, yay mövsümü başlayandan bu günə qədər Stansiyaya günvurma ilə bağlı 51 müraciət daxil olub: “Müraciət edənlərdən 34 nəfərə yerində yardım göstərilib. 17 nəfər isə xəstəxanaya yerləşdirilib. Mövsüm ərzində bizə müraciət edən xəstələrdən 11-i uşaqdır. Xəstəxanaya yerləşdirilənlərdən isə 4-ü uşaqdır. Baş həkimin müavini deyir ki, havaların isti keçməsi bağlı Səhiyyə Nazirliyi Təcili və Tibbi Yardım Xidmətlərinə günvurma halı ilə bağlı müraciət edənlərin sayı artıb: “Havaların isti keçməsi ilə bağlı müraciət edənlər digər günlərə nisbətən çoxdur. Çünki keçən əvvəl 1 həftə ərzində ümumi olaraq 3 nəfəri gün vurmuşdusa, indi gün ərzində 4 nəfəri gün vurur”.

İradə Əliyeva qeyd edib ki, təzyiq düşməsi, halsızlıq, başgicəllənmə və digər məsələlərlə bağlı çoxlu müraciətlər olub.

“Gün vuran xəstəyə maye verilməməlidir”

Həkim-terapevt Məlahət Abbasova deyir ki, isti havalarla bağlı insanlar gündüz saatlarında evdən çıxmasalar daha yaxşıdır: “İnsanlar saat 12.00-dən 17.00-dək açıq havada olsalar onları gün vura bilər. Çünki həmin vaxtda günəşin istisi ən yüksək həddə olur və ciddi təhlükə yarada bilər. Bu saatda dənizə də, girmək düzgün deyil. Həmin saatlarda dənizə girən zaman günvurma ilə üzləşə bilərlər. İstinin ölümlə nəticələnməsi oksigen çatışmazlığı ilə bağlıdır. Ona görə də belə havalarda həyati təhlükədən uzaq durmaq üçün oksigen bol olan məkanlara getmək lazımdır”.

Məlahət Abbasova deyir ki, günvurma zamanı baş gicəllənməsi olur: “İnsanlar bilməlidirlər ki, istilərə adi yanaşmaq olmaz. Günvurma zamanı ilkin tibbi yardım göstərilməlidir. Günvurma zamanı ürək bulanması, qusma, baş ağrısı, baş gicəllənməsi baş verir. Bəzi hallarda görmədə problemlər də yaranır. İsti vuran xəstə dərhal sərin və hava axını olan bir yerə aparılmalıdır. Qətiyyən içməsi üçün maye verilməməli və xəstəxanaya çatdırılmalıdır”.

“Soyuq qəbul edilən qida mədə üçün təhlükəlidir”

Həkim-terapevtin sözlərinə görə, qızmar istilərdən əziyyət çəkənlər uşaqlar və 50 yaşdan böyük insanlardır: “Baxıma ehtiyacı olanlar, hamilə qadınlar ehtiyatlı olmalıdır. Onlar tez-tez duş almalıdır. Bunun mümkün olmadığı hallarda ayaqlar, əllər, üz və boyun soyuq su ilə isladılmalıdır. İnsanlar gün ərzində maye qəbul etməlidir. Çünki spirt və çox miqdarda şəkər ehtiva edən içkilər bədəndən daha çox maye itkisinə gətirib çıxarır. Yeməklərə gəldikdə isə qaynadılmış yeməklərə üstünlük verilməsi daha məsləhətlidir”.

Qan-damar sistemində, təzyiqlərində problemi olanlar üçün isti havaların daha təhlükəli olduğunu deyən Məlahət Abbasovanın sözlərinə görə, isti hava ürək xəstələrinin damar genişlənməsi üçün yaxşıdır: “Kök insanlar, mədə-bağırsaq sistemində problem olanlara isti çox pis təsir edir. Soyuq qəbul edilən qida və mayelər isə mədə-bağırsaq sistemində problem yaradır. Soyuq qəbul edilən qida və mayelər mədə üçün təhlükəlidir”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər