“Braziliyanın Rio-de-Janeyro şəhərində keçrilən XXXI Yay Olimpiya oyunları başa çatdı. Azərbaycan Olimpiya komandası bu oyunlarda tarixi qələbəyə imza atdı. Yarışlarda 56 idmançı ilə iştirak edən komandamız 1 qızıl, 7 gümüş, 10 bürünc, ümumilkdə 18 medal qazanaraq tarixi qələbəyə imza atdılar”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, AFFA-nın I vitse-prezidenti Rauf Əliyev deyib.
R.Əliyev bildirib ki, komandamız oyunlarda iştirak edən 206 dövlət arasında medalların sayına görə 15 lider dövlət arasına çıxıb. Onun sözlərinə görə, Azərbaycan komandası yarışlarda 56 idmançı ilə çıxış edib ki, onlardan da 18-i medal qazanıb.
“Bütün bu göstəricilər Azərbaycan idmançılarının tarixi qələbə əldə etdiyini nümayiş etdirir. Bu qələbələrin əldə olunmasında əsas amil Azərbaycan Milli Olimpiya Komitəsinə cənab İlham Əliyevin rəhbərlik etməsidir. Tarixi qələbə son illər Azərbaycan idmanının yüksələn xətlə sürətli inkişafının məntiqi nəticəsidir. İdmançılarımız bu yarışlarda daha geniş idman növləri üzrə nailiyyətlər əldə edibdir. Boks yarışlarında Azərbaycan idmançısı ilk dəfə olaraq finala çıxıb və gümüş medal qazanıb.
Ən yaxşı nəticəni taekvondoçularımız göstəriblər. Yarışda 4 idmançı ilə çıxış edən millimiz 3 medal əldə edib. Komandanın lideri Radik İsayev qızıl medal qazanıb. Azərbaycan idmançıları Olimpiyada tarixində ilk dəfə avarçəkmə idman növündə medallar qazanıblar. Bu tarixi qələbə münasibətilə medal qazanmış bütün idmançıları, Olimpiya komandasını, idman ictimayyətini, bütünlikdə Azərbaycan xalqını ürəkdən təbrik edirəm və idmançılarımıza gələcək yarışlarda uğurlar diləyirəm. İnanıram ki, Prezident İlham Əliyevin idman sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində idmançılarımız növbəti Yay Olimpiya Oyunlarında daha yüksək nəticələr əldə edəcəklər”, – deyə R.Əliyev vurğulayıb.
Səxavət