31 Avqust 2016 12:31
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda Azərbaycan Prezident Administrasiyasının, Mərkəzi Seçki Komissiyasının (MSK) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Referendumqabağı təşviqat prosesində kütləvi informasiya vasitələrinin rolu və vəzifələri” mövzusunda seminar-müşavirə işə başlayıb.

Tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, MSK sədri Məzahir Pənahov, Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak edirlər.

MSK sədri Məzahir Pənahov deyib ki, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) Təqvim Planı təsdiqlənib.

Onun sözlərinə görə, referendumla bağlı 3 təşviqat qrupu qeydiyyatdan keçib: “Seçki və referendum prosesinin mahiyyətinin ictimaiyyətə çatdırılmasında KİV-in böyük rolu vardır. Bu baxımdan da MSK-nın əsas tərəfdaşlarından biri mediadır, jurnalistlərdir”.

Prezidentinin (PA) İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov tədbirdəki çıxışında dövlətin mətbuata göstərdiyi dəstəkdən danışıb. Qeyd edib ki, ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycanda mətbuat üzərindən senzura aradan qaldırılıb, Mətbuat Nazirliyi ləğv edilib, kütləvi informasiya vasitələrinin (KİV) İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb: “Ötən dövr ərzində mətbuata 30 milyon manatdan çox yardım göstərilib. Əlavə yardımları da nəzərə alsaq, KİV-ə yardımın ümumi məbləği 40 milyon manata çatır. Bu gün Azərbaycanda real yayımı olan 200-dən çox qəzet, 300-dən artıq fəal internet resursu mövcuddur. İndi ölkə əhalisinin hər 1000 nəfərindən 767-nin internetə çıxışı var”.

Əli Həsənov qeyd edib ki, Seçki Məcəlləsində onlayn media məsələsi əksini tapmalıdır: “Onlayn mediada fəaliyyət göstərənlər jurnalistdirlər, onların bu baxımdan məsuliyyət daşıyırlar. Onların hüquqları da digər orqanlardakı jurnalistlər kimi eynidir. Qanunlarda onlayn media kütləvi informasiya vasitəsi sayılır. Onlar qanunu pozursa, dövlət orqanları həmin qanunvericilik çərçivəsində tədbir görür. Bu, Seçki Məcəlləsində də əksini tapmalıdır”.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli çıxışı zamanı bildirib ki, media sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə bağlı bütün tərəflərə bərabər şərait yaratmalıdır.

MTRŞ sədri deyib ki, referendumda medianın rolu Seçki Məcələsində də aydın şəkildə göstərilib: “Medianın rolu gündən-günə artır. Bu baxımdan referendumda medianın üzərinə ciddi məsuliyyət düşür. Azərbaycanda telekanallarında ödənişli efir vaxtı reklamla bağlı qanunvericiliyə uyğun olmalıdır. İndiyədək bu məsələdə ciddi problemlə rastlaşmamışıq. Təbii ki, keçiriləcək ümumxalq səsverməsində təşviqat prosesində ödənişli əsaslarlarla efirlə bağlı pozuntu aşkarlanarsa, müvafiq tədbir görüləcək”.

N.Məhərrəmli qeyd edib ki, Azərbaycanda fikir və söz azadlığı tam təmin olunub: “Bu baxımdan medianın fəaliyyəti üçün əlverişli şərait var”.


Vasif Həsənli


Müəllif:

Oxşar xəbərlər