8 Sentyabr 2016 00:12
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Eldar Namazov: “Ermənistanın Azərbaycanı SCAT-la hədələməsi əslində boş bir hədədir”

İşğalçı Ermənistanın müdafiə naziri müharibə başlayacağı halda Azərbaycanı yenə də SCAT tipli raketlərlə hədələyib. Qeyd edək ki, son vaxtlar ermənilər SSRİ-dən qalma həmin raketlərin adını tez-tez çəkir və lazım gəlsə Azərbaycanı bununla vuracaqlarını bildirirlər.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Eldar Namazov isə “Yeni Müsavat”a bildirib ki, Ermənistanın SCAT məsələsini qabartması əsassız və gülüncdür: “Ermənilərin aprel savaşından sonra yeganə təbliğatı SCAT raketlərinin üzərində qurulub. Hər addımda bəyan edirlər ki, Ermənistanın SCAT tipli raketləri var, onlar Azərbaycanı həmin raketlə vurarlar. Həqiqətən də ermənilərdə SCAT tipli raketlər mövcuddur. SCAT tipli raketlərin üzərində 1960-cı illərin sonralarında işlər aparılıb. 1970-ci illərin əvvəlindən istehsal edilməyə başlayıb. Rusiyanın Votkin zavodu həmin raketləri istehsal edirdi. 1988-ci ildə isə SCAT tipli raketlərin istehsalı dayanıb. Ona görə ki, o dövrdə artıq köhnəlmiş, müasir tələblərə cavab verməyən raketlər sırasına daxil edilmişdi. Həmin raketləri hətta müasirləşdirmək də mümkün olmamışdı. SCAT raketlərinin istifadə müddəti 22 ildir. Ən axırıncı-1988-ci ildə istehsal edilən SCAT raketlərin də istifadə müddəti artıq 2010-cu ildə bitib. Ermənilərdə olan həmin raketlər isə 1980-ci illərin əvvəlində istehsal edilən raketlərdir və onların müddəti təxminən 15 il əvvəl başa çatıb. Yəni Ermənistanın Azərbaycanı SCAT-la hədələməsi əslində boş bir hədədir”.

E.Namazov xatırlatdı ki, SSRİ SCAT tipli raketləri ABŞ-la münasibətlərin az qala müharibə həddinə çatdığı dövrdə istehsal etmişdi. Bu raketlərin istehsalı nüvə silahı və kimyəvi silahları atmaq məqsədilə düzəltmişdilər. Ona görə də bu raketlər hədəfi dəqiq vurmur: “Səddam Hüseyndə də SCAT raketləri çox idi. 90-dan artıq SCAT raketini ABŞ ordusuna qarşı atmışdı. Lakin cəmi ikisi hədəfi qismən vura bilmişdi. Qalanları hədəfdən xeyli uzaqlara düşmüşdü. Odur ki, Ermənistan müddəti bitmiş, hədəfi vura bilməyən raketi Bakıya tərəf atsa, həmin raketlər gedib Həştərxanda, Oktaouda partlaya bilər. SCAT tipli raketlərdən artıq Ermənistandan başqa demək olar ki, bütün dövlətlər imtina edib. O raketlər yararsızdır. Görün indi bu ermənilər özlərinə nə ilə təskinlik verirlər və bizi nə ilə qorxudurlar. Gülüncdür. Bu yaxınlarda SCAT məsələsi ilə bağlı bir erməniyə cavab verməli oldum. Dedim ki, siz SCAT-la yalnız bir cür təbliğat apara, öyünə, deyə bilərsiz ki, dünyada ən qədim raketlər Ermənistandadır. Azərbaycan ordusunda isə hərbi texnika, raket, silah təchizatı baxımından ən müasir silahlar, raketlər və texnika ilə təchiz edilib. Bizim ordumuz həm də bu baxımdan Ermənistan ordusundan qat-qat güclüdür. Ordumuz Ermənistanın təsəvvürünə gələ bilməyəcək müasir tələblərə cavab verən silahlara malikdir. Ermənilər isə hələ də bizi SCAT-la hədələyir. Ciddiyə almaq lazım deyil”.


Müəllif:

Oxşar xəbərlər