“Ermənistanın baş naziri Ovik Abramyanın istefası gözlənilənin elanı idi. Son aylardır Ermənistanda ancaq elə bu mövzu müzakirə olunurdu. Aydındır ki, bu xəbəri ictimaiyyətə elə hakimiyyət içindən ötürmüşdülər. Məqsəd Ermənistanda baş verənlərə görə bütün günahı Abramyana yükləməkdir”.
Teleqraf.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib.
E.Şahinoğlunun sözlərinə görə, prezident Serj Sərkisyan Abramyanı istefaya məcbur etməklə cəmiyyətə göstərir ki, ağır iqtisadi və sosial vəziyyətə görə Abmaryan məsuliyyət daşıyır: “Guya Abramyanın yerinə təyin olunacaq şəxs durumu dəyişə biləcək ki?! Sərkisyan vaxt udmaq istəyir, parlament seçkisinə qədər hakimiyyətini qorumağa çalışır. Məqsəd parlamen seçkisində qələbə çalıb baş nazir kreslosunu əldə etməkdir. Məsələ burasındadır ki, konstitusiya dəyişikliklərindən sonra Ermənistanda əsas fiqur prezident deyil, baş nazir olacaq. Buna mane olacaq iki qüvvə var – küçələrə axışa biləcək insanlar və Moskva. Birincini bir təhər neytrallaşdıra bilər, önəmli olan ikincini razı salmaqdır”.
Səxavət