Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (BNEZ) neft məhsullarının istehsalı prosesi bərpa olunub və avqustun ortalarından ölkəyə gətirilən Ai-92 markalı avtomobil benzinin müvəqqəti idxalı dayandırılıb.
Bu barədə jurnalistlərə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, ötən müddət ərzində ölkəyə 30 min ton Ai-92 markalı avtomobil benzini gətirilib.
"Azərbaycanda benzin çox ucuzdur. Qiymət o qədər aşağıdır ki, hətta vergilər götürülsə belə xaricdən gətirilən benzin iki dəfə baha başa gəlir. Biz zavod təmirə dayanan zaman tələbatın ödənilməməsindən ehtiyat etdik. Ona görə də hökumətdən aksiz vergisi və gömrük rüsumunda dəyişiklik edilməsi barədə xahiş etdik. Amma vergilər götürülməklə belə bu bizə bir neçə milyon zərər vurub. Ölkədə tələbatı tam ödədik, heç bir çatışmazlıq olmadı və benzin istehsal olunmaması hiss edilmədi", - R.Abdullayev əlavə edib.
Xatırladaq ki, Heydər Əliyev adına BNEZ-də avqustun 1-dən cari təmir işlərinə başlanılıb. Dünən isə SOCAR-ın yaydığı məlumata görə, zavod artıq istehsalı bərpa edib.
Report.az