30 İyun 2014 12:01
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə polislə Azərbaycan səfirliyinin yüksək rütbəli əməkdaşı arasında əlbəyaxa dava baş verib.

Virtualaz.org saytı Türkiyə mənbələrinə istinadən xəbər verir ki, hadisə Ankarada olub.

Nəqliyyat polisi Ankarada patrul xidməti həyata keçirərkən yol hərkəti qaydalarını kobud şəkildə pozan və ötmə qaydalarına əməl etməyərək qəza vəziyyəti yaradan diplomatik nömrə nişanlı avtomobili saxlayıb. Polis sürücüdən sənədləri tələb edib.


Sürücü Azərbaycanın Türkiyədəki səfirliyində diplomat olduğunu bildirib, diplomat olduğunu göstərən sənədləri göstərib. Daha sonra sürücü özünün və avtomobilinin diplomatik immunitetə malik olduğunu bəyan edərək polisin onu saxlamağa ixtiyarının olmadığını deyib və yoluna davam etmək istəyib.

Lakin polislər diplomata bildiriblər ki, yol hərəkəti qaydalarının pozulması barədə protokol yazmadan avtomobili buraxa bilməzlər. Azərbaycanlı diplomat buna qəzəblənib, diplomatik qaydalara görə, özünün və avtomobilinin toxunulmazlığının olduğunu bir daha bildirib və polislərə sərt reaksiya verib.

Nəticədə polislə diplomat arasında mübahisə başlayıb, mübahisə böyüyüb və diplomatla polislər arasında qısamüddətli əlbəyaxa süpürləşməyə keçib.


Davanın ardınca azərbaycanlı diplomat hadisə yerindən uzaqlaşıb, Azərbaycan səfirliyi ilə əlaqə saxlayaraq hadisə barədə məlumat verib və “polislər tərəfindən döyüldüyünü” bildirib.

Azərbaycan səfirliyi dərhal Türkiyənin Xarici İşlər Nazirliyi ilə təmasa keçərək hadisə haqda məlumat verib. Səfirlik diplomatın kobud rəftara məruz qalması və döyülməsi barədə şikayətçi olduğunu çatdırıb.

Türkiyə XİN əməkdaşları dərhal məsələ ilə bağlı nazirliyin rəhbərliyini məlumatlandırıb. Daha sonra nazirliyin rəsmiləri Azərbaycan səfirliyi ilə əlaqə yaradaraq bu hadisənin ən xırda detallarına qədər araşdırılacağını bildiriblər və diplomatdan dəfələrlə üzr istəyiblər.


Türk rəsmilərinin üzrlərindən sonra insidentdə iştirak edən diplomat və Azərbaycan səfirliyi şikayətdən vaz keçiblər. Bununla da insidentin iki ölkə arasında diplomatik gərginliyə səbəb olmasının qarşısı alınıb.


Müəllif: