Bu gün Azərbaycanda Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilir.
Teleqraf.com-un məlumatına görə, bu il iyulun 18-də Azərbaycan prezidenti tərəfindən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilib.
Referendum Aktı layihəsində Konstitusiyaya 29 maddəyə 39 əlavə və dəyişikliklər irəli sürülüb. Konstitusiya Məhkəməsi Plenumunun iyulun 25-də keçirilən iclasında Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Konstitusiyaya təklif edilən dəyişikliklərin Azərbaycan Konstitusiyasının tələblərinə uyğunluğu barədə əsaslandırılmış rəy verilib.
Referendum Aktı layihəsində Konstitusiyada prezidentin səlahiyyət müddəti yeddi ilə qədər artırılması təklif edilir. Bundan başqa, sənəddə Azərbaycan prezidenti vəzifəsinə seçilmək üçün vətəndaşın ən az 35 yaşı olması barədə müddəanın çıxarılması haqda paraqraf var. Layihə birinci vitse-prezident və vitse-prezident vəzifələrinin tətbiqini də nəzərdə tutur.
Milli Məclisə seçilmək üçün yaş həddinin 25-dən 18-ə endirilməsi barədə bənd layihəyə daxil edilib.
Yeni layihəyə əsasən Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət olacaq və Azərbaycan Respublikasının Prezidenti bütün silahlı birləşmələrin Ali Baş Komandanı olacaq.
İnsan hüquq və azadlıqlarının daha geniş müdafiəsini nəzərdə tutan dəyişikliklər də Referendum Aktı layihəsində yer alıb.