“Bakıda yağan yağışlar nəticəsində sürüşmə sahələrində aktivləşmə müşahidə olunub”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov Teleqraf.com-a belə deyib.
Əziz Qaralov Masazır, Qaraçuxur və Zığ ərazilərindəki sürüşmə sahələrində aktivlik olduğunu deyib: “Yağan yağışlar nəticəsində Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci, Bakı-Ağsu avtomobil yolunun 132-156-cı km-də müəyyən uçqunlar baş verib. Lənkəran-Lerik yolunun 45-47-ci km-də müəyyən uçqunlar var”.
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyir ki, güclü yağışlar zamanı sürüşmə sahələrinin aktivləşməsi qaçılmazdır: “Yağışlara görə, Ağsu, İsmayıllı , Şamaxı, Şabran, Xızı, Lənkəran, Lerik yolunun ətrafındakı sürüşmə sahələrində aktivləşmə var. Yağıntılar davam etsə, sürüşmə sahələrində aktivləşmə artacaq”.
Direktor müavininin sözlərinə görə, ötən gecə paytaxtda yağan yağışlardan sonra şəhərdə sürüşmə ərazilərində suxurların rütubətlə doyması halı baş verib: “Masazır və Zığ massivində, Bayıl tərəfdə sürüşmə var. Ərazidə suxurların rütubətlə doyması baş veribsə, bu ərazilərdə sürüşmələrin artması gözlənilir”.
İlhamə ƏBÜLFƏT