Süni qiymət artımına yol verilməməlidir, çox ciddi nəzarət olmalıdır.
Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib: "Süni qiymət artımına yol verilməməlidir, çox ciddi nəzarət olmalıdır. Həm ictimai nəzarət, həm dövlət orqanları tərəfindən nəzarət daha da güclü olmalıdır. Çünki biz imkan verə bilmərik ki, hansısa natəmiz insanlar, möhtəkirlər qiymətləri süni şəkildə qaldırsınlar və beləliklə, insanlarımız bundan əziyyət çəksin".
Prezident vurğulayıb ki, əlbəttə, idxal olunan malların qiyməti dünya bazarlarında formalaşır: "Əgər dünya bazarında Azərbaycanda istehsal olunmayan hansısa malın qiyməti artırsa təbii ki, bizdə də artacaq. Ona görə, biz çalışmalıyıq ki, idxaldan asılılığı maksimum səviyyədə azaldaq, yəni, minimum səviyyəyə endirək. Eyni zamanda, daxildə istehsal olunan ərzaq məhsullarının tərkibində xarici komponent də var. Biz o komponenti də azaltmalıyıq. Bu istiqamətdə işlər gedir".