14 Oktyabr 2016 11:24
4 455

Azərbaycanda peşə məktəbləri ixtisaslara görə yenidən bölünüb.

Teleqraf.com-un məlumatına görə, Nazirlər Kabinetinin qərarı ilə indiyədək mövcud olan peşə liseylərinin bazasında peşə təhsil mərkəzləri yaradılıb.

Qərarda əsas yenilik peşə təhsil mərkəzlərinin ayrı-ayrı ixtisaslar üzrə bölünməsidir. İndiyədək peşə liseylərində ən müxtəlif peşələr öyrədilirdisə, peşə təhsil mərkəzləri yalnız bir qrup ixtisas üzrə təhsil verəcək. Hər bir təhsil mərkəzi bir sahə üzrə ixtisaslaşacaq.

Nazirlər Kabineti (NK) Bakı və Gəncə şəhərlərində yerləşən ilk peşə-ixtisas təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması haqqında qərar qəbul edib.

Qərara əsasən, "Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişikliklər edilib. Azərbaycan Dövlət Dəmir Yolu Liseyi və 2 nömrəli Bakı Peşə Məktəbi birləşdirilərək onların bazasında Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb.

1, 12, 17 və 10 saylı Bakı Peşə Məktəbləri birləşdirilərək Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi adı altında birləşdirilib.

4 və 14 saylı Bakı Peşə Liseyləri və 12 saylı Bakı Peşə Məktəbinin bazasında isə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb.

2, 5 saylı Bakı Peşə Liseyi və 1 saylı Bakı Peşə Məktəbi də birləşdirilib və onların bazasında Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi təşkil edilib. 6 və 9 saylı peşə liseylərinin bazasında Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb.


Bakı Kompüter Peşə Liseyi və 7 nömrəli Bakı Peşə Liseyi isə Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi adı altında birləşdirilib .

8 saylı Bakı Peşə Liseyi və 7 saylı Bakı Peşə Məktəbi birləşdirilərək onların bazasında Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi təşkil edilib.

15 saylı Bakı Peşə Liseyi, 5 və 13 saylı peşə məktəblərinin bazasında isə Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. 16 saylı Bakı Peşə Liseyi və 14 saylı Bakı Peşə Məktəbi də Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi adı altında birləşdirilib.

18 saylı Bakı Peşə Liseyi və 3 saylı Bakı Peşə Məktəbi də birləşdirilərək onların bazasında İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi təşkil edilib. 6 saylı Bakı Peşə Məktəbinin bazasında isə Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb.

1, 2 saylı Gəncə peşə liseyləri və 3 saylı Gəncə Peşə Məktəbi birləşdirilərək onların bazasında Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi təşkil edilib.

3 nömrəli Gəncə Peşə Liseyi, 1 və 2 saylı peşə məktəblərinin bazasında Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Yaradılan Dövlət Peşə Təhsil mərkəzlərinin maliyyələşdirilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Təhsil” bölməsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək. Dövlət Peşə Təhsil mərkəzləri peşə liseyi statusu ilə fəaliyyət göstərəcəklər (Fins.az).


Müəllif: